Xəzər Xəbər

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

İqtisadiyyat | 14:17 • 17 May 2022
“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.

XəzərXəbər xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Politoloq Moskvanın dünyanın taxıl imtahanı ilə üz-üzə qalması məsələsində maraqsız olduğunu deyib:
 
"Dünyanın əsas taxıl ixraçatçılarından olan Rusiya və Ukrayna müharibə apardıqlarından dünyada taxıla ehtiyac artıb. Rusiya taxıl ixracatına nəzarəti və qiyməti artırıb. Ukrayna isə ümumiyyətlə, taxılını dünya bazarlarına çıxara bilmir. 
 
"Böyük yeddilərin” toplantısında çıxış edən Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq. "Rusiyanın əməlləri sayəsində taxıl qıtlığı yaranıb, dünyanın bütün ölkələrində qiymətlər artıb” deyən almniyalı nazir sərt aclıq təhlükəsi yaranacağı barədə həmkarlarını xəbərdar edib. Böyük dövlətlərin digər nazirləri də Rusiyanı süni sürətdə qıtlıq yaratmaqda ittiham ediblər. Onların sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibənin davamı dünyada başqa böhranlar da yaradacaq.  
 
Moskva bu ittihamları qəbul etmir. Rusiyalı rəsmilər və diplomatlar əksinə ərzaq qıtlığına və böhrana görə Qərb ölkələrini ittiham edirlər. Onların məntiqinə görə, böhranın səbəbi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi müxtəlif sanksiyalardır. Halbuki, əsl səbəb Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədir. Rusiya Ukraynaya hücum etməsəydi, "böyük yeddilər” Rusiyaya qarşı sanksiyalar tətbiq etməzdilər”. 
 
Politoloq taxıl istehsalı ilə bağlı Azərbaycanın da diqqətli olmasının zərurliyini bildirib. Ekspert ən böyük taxıl istehsaçılarından sayılan Hindistanın da taxıl qiymətlərində artım etməsinin səbəbini açıqlayıb:
 
"Dünyanın ən böyük taxıl istehsalçılarından olan Hindistanın taxıl ixracını qadağan etməsi dünyada taxıla olan tələbatı daha da artırıb. Dehli bu qərarı daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri ilə əlaqələndirib. Əsl səbəb isə Hindistanda havaların isti keçməsidir. Hindistanda taxıl yetişdirilən ərazilərdə havaların kəskin isti keçməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı ciddi narahatlıq yaradıb. Halbuki, Hindistanda bu il ötən illə müqayisədə 2,5% çox - 111,3 milyon ton taxıl yığılıb. Hazırda Hindistanın anbarlarında nəzərdə tutulandan, təxminən, 2 dəfə çox - 28,3 milyon ton taxıl ehtiyatı var. Buna baxmayaraq, rəsmi Dehli taxılı ixracatını artırmağı düşünmür.
 
Hindistanın bu addımı bir çox ölkə tərəfindən tənqid olunub. Hindistan "böyük iyirmilərdən” biridir. "Böyük yeddilərin” toplantısında Hindistana müraciət  edilərək məsuliyyətli olması gərəkdiyi bildirilib. Əslində Rusiya Ukraynaya qarşı müharibəyə başladıqda Dehli müxtəlif ölkələrə taxıl ixracatını artıra biləcəyini elan etmişdi. Ancaq havaların isti keçməsi Dehlinin qərarını dəyişməsinə səbəb oldu. 
 
Azərbaycan bu vəziyyətdə həm taxıl istehsalını artırmaq, həm də anbarlarda un ehtiyatını artırmaq barədə düşünməlidir”.

Xəbər lenti