Xəzər Xəbər

Varlıların nəzərinə: Britaniyada əmlak almaq daha da çətinləşir

İqtisadiyyat | 16:10 • 15 May 2022
Varlıların nəzərinə: Britaniyada əmlak almaq daha da çətinləşir

“Qızıl viza” tətbiqinin dayandırılmasının ardınca, yeni qanun hazırlanır: əmlak üçün bunu istəyəcəklər...
Böyük Britaniya hökuməti daşınmaz əmlakın son alıcılarının adlarını açıqlamağa məcbur edən qanun layihəsi hazırlayır. Bu barədə mənzil, regional inkişaf və yerli idarəetmə naziri Maykl Qov “Sunday Telagraph” nəşrinə müsahibəsində bildirib. “Biz Böyük Britaniyanın əmlak bazarındakı pul fırıldaqlarına son qoymaq istəyirik. Artıq bazarımız korrupsioner məmurlar və onların pullarını yuyan və kimliyini gizlədənlər üçün açıq olmayacaq”.

Qeyd olunur ki, Britaniyada əmlak almaq arzusunda olan istənilən hüquqi şəxs özü və xərclədiyi vəsaitin mənbəyi haqda məlumatları təqdim etməlidir.

Bundan öncə Britaniya Daxili İşlər Nazirliyi varlı xarici investorların bu ölkədə yaşamasına icazə verən “qızıl viza” tətbiqini də dayandırıb.

Açıqlamada sui-istifadə hallarının qarşısını almaq üçün “Tier 1 İnvestor vizası” ilə bağlı islahatlara başlandığı və Daxili İşlər Nazirliyinin vizanı dayandırdığı açıqlanıb.

“Qızıl viza” kimi tanınan “Tier 1 İnvestor vizası” ərizəçiyə Böyük Britaniyada yaşamağa imkan verirdi. Viza müraciətləri üçün minimum 2 milyon funt-sterlinq investisiya tələb olunurdu.

Britaniya təqribən 20 ilə yaxındır ki, beynəlxalq miqyasda maliyyə cinayətləri törədən, xüsusən də qanunsuz yollarla varlanmış və bu pulları legitimləşdirməyə çalışan korrupsioner siyasətçilər və məmurlar üçün əsl “cənnət” məkanına çevrilib. Bu iyirmi ildə ölkənin adı davamlı olaraq böyük beynəlxalq qalmaqallarda hallanıb. İnkişaf etməkdə olan ölkələrdən dövlət əmlakını talan edərək oğurladıqları sərvətləri qanunsuz yollarla Britaniyaya gətirib özlərinə çox bahalı mülklər alan, ifrat dərəcədə dəbdəbəli həyat quran siyasi elitlərin və onların ailə üzvlərinin xəbərləri səngimək bilməyib. Bu tip cinayətlərin artan templə törədilməsinə şərait yaradan, cinayətkarlarla mübarizəni çətinləşdirən qanun boşluqlarının təcili olaraq aradan qaldırılmasına istər Britaniya daxilində, istərsə də beynəlxalq aləmdə çağırışlar son illərdə çox güclənmişdi. Britaniyanın bu sahədə 2002-ci ildə qəbul edilmiş “Proceeds of Crime Act” adlandırılan qanunu qüvvədə olsa da, həmin qanun çirkli pulların yuyulması mexanizmlərinin dövlət orqanları tərəfindən effektiv şəkildə təqib olunmasına və cəzalandırılmasına o qədər də uyğun deyildi.

Beynəlxalq Şəffaflıq Təşkilatının Britaniya bölməsinin (Transparency International UK) apardığı araşdırmalara görə, Azərbaycandan aparılmış və mənbəyi şübhə doğuran sərvətlər hesabına Britaniyada ən az 340 milyon funt sterlinq dəyərində daşınmaz əmlak satın alınıblar. Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı başladılmış birinci istintaq işi isə korrupsiya ilə mübarizə sahəsindəki yeni qanunvericiliyin qüvvəyə minməsindən sonra Britaniya hökumətinin xarici ölkələrdən olan korrupsioner məmurlara və onların ailə üzvlərinə qarşı başlatdığı ilk istintaq işi kimi tarixə düşüb.

Son olaraq isə Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) araşdırmalardan sonra Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərar çıxarmışdı./Musavat.com

Xəbər lenti