Xəzər Xəbər

Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib? SİYAHI

İqtisadiyyat | 15:52 • 12 May 2022
Hansı bölgələrdə bağ evlərinin kirayə qiyməti yüksəlib?
Yay fəslinə yaxınlaşdıqca istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayı çoxalır. Kirayə mənzillərə tələbat isə daha çox Bakı kəndləri və bölgələr üzrə olur. 
 
Maraqlıdır, bu il kirayə bağ evlərinə üstünlük hansı ərazilər üzrə yüksəkdir? Bağ evlərinin günlük və aylıq kirayə haqqı hansı məbləğlər aralığındadır?
 
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev paytaxt ərazisindəki bağ evlərinin aylıq kirayəsinin minimum 500 manat olduğunu bildirib:
 
"Əvvəlki illərə baxsaq, pandemiyadan öncə bağ evlərini almaq və yaxud kirayələmək müraciət edənlər çox idi. Kirayə üçün müraciət təqribən iyul ayından başlayaraq avqustun sonunadək davam edirdi. Pandemiya dönəmində bağ evlərinə tələbatın artması ilə qiymətlərdə də ciddi yüksəliş oldu. Bunun səbəblərindən biri də sərt karantin rejimi, evə qapanma idi. 
 
Paytaxt ərazisində bağ evlərinin aylıq kirayə qiyməti 500 manatdan başlayır və 10 000 manatadək dəyişir. Təbii olaraq qiymət artdıqca evin şəraiti, məkanın sahəsi də dəyişir. Həmin bağ evləri gündəlik kirayəyə də verilir. Belə evlərin bir günlük qiyməti 80-100 manatdan başlayır və 300-400 manatadək yüksələ bilir”. 
 
Ekspert bölgələr üzrə kirayə bağ evlərinin qiymətlərini də açıqlayıb:
 
"Artıq uzun müddətdir ki, daxili turizmin inkişafı nəticəsində bölgələrdə də bağ evlərinə tələbat həddindən artıq çoxalıb. Bu, həm də bölgələrdə bağ evlərinin və torpaq sahələrinin satışında, kirayələnməsində irəliləyiş yaradıb və kirayələrin yüksəlməsinə səbəb olub. 
 
Bölgələrdə bağ evlərinin bir günlük kirayəsi 50 manatdan başlayır və 200-250 manatadək arta bilir. Bu, daha çox Quba-Qusar, Qax-Balakən zonasında, Qəbələ, Nabran və Şəkidə belə olur. Yay aylarında istirahət üçün kirayə mənzil götürmək istəyənlər artıq paytaxtdan imtina edirlər. Ona görə ki, paytaxtda sıxlıq həddindən çoxdur və yaşıllıq ərazi azdır. Başqa bir tərəfdən, Xəzər dənizinin böyük hissəsi hasarlandığı üçün insanlar Bakıda bağ evi kirayələmək istəmirlər. Bölgələrdə isə müxtəlif ərazilərdə bağ evi kirayələməklə insanlar həm istirahət etmiş, həm də müxtəlif guşələri gəzmiş olurlar”. 
 
Əmlak eksperti işğaldan azad olunan ərazilərdə də turizm potensialını yüksək qiymətləndirərək bu istiqamətlər üzrə kirayə bağ evi tələbatının artacağını deyib:
 
"Düşünürəm ki, gələcəkdə işğaldan azad olunan ərazilərdə tikinti-bərpa işləri tamamlandıqdan, təmizləmə işləri görüldükdən sonra vətəndaşlarımız yay ayları üçün kirayə bağ evi seçimini həmin ərazilərdən edəcəklər. Həmin ərazilərin təbiəti digər bölgələrdən fərqli olduğu üçün düşünürəm ki, qarşıdakı zaman ərzində orada istirahət etmək üçün kirayə ev tələbatı artacaq”./Sfera.az

Xəbər lenti