Xəzər Xəbər

Duru yağ niyə bahalaşıb? - SƏBƏB

İqtisadiyyat | 18:20 • 11 May 2022
Duru yağ niyə bahalaşıb? - SƏBƏB

Azərbaycanda son aylarda ərzaq məhsullarının qiymətində sürətli artım baş verib. Bahalaşma daha çox isə duru bitki yağlarında qeyd alınıb. Belə ki, duru yağın 15-20 faiz bahalaşdığı bildirilir. Mütəxəssislər bunun səbəbini duru yağ ixracatçıları olan Rusiya və Ukrayna arasında hazırda davam edən müharibə ilə əlaqələndirirlər.

Bəs bu bahalaşma nə qədər müddət davam edəcək? Bahalaşmanın qarşısını almaq üçün nə edə bilərik? Rusiya və Ukraynadan başqa alternativ bazarlar tapmağımız mümkündürmü?

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, bahalaşmanın bir neçə səbəbi var:

“Ümumiyyətlə son 6 ilin qrafikinə nəzər yetirsək, bəzi duru yağların qiymətində dinamik bahalaşma baş verib. BMT-nin qida, ərzaq təhlükəsizliyi proqramları ilə bağlı dinamikaya diqqət yetirsək, son on il ərzində ərzaq məhsullarında bahalaşma baş verib.

Son dövrdə isə bitki yağlarının yerli istehsalında xammalları, digər hazırlanma məhsullarını əsasən Rusiyadan və Ukraynadan idxal etdiyimiz üçün bu iki ölkənin bir-biri ilə münaqişəsini nəzərə alsaq, bu da öz növbəsində bu sahədə qiymətlərin artımına səbəb olur. Beləliklə biz bir neçə göstəricini bir araya gətirərək görürük ki, durmadan yağın qiyməti qalxır. İstisna olunmur ki, yenidən qiymət artımı baş verəcək və davam edəcək. Bunu ən əsas şərtləndirən amil Rusiya və Ukrayna arasında gedən müharibədir. Dünya bazarlarında qiymət durmadan artır. Dünyada inflasiya gedir. Biz də o inflyasiyanı idxal edirik. Bizdə yerli istehsalın bəzi hissələri idxaldan asılıdır. İdxal etdiyimiz hissələr də əsas Rusiya və Ukraynadandır. Beləliklə əlbəttə ki, müharibənin də təsiri var”.

İqtisadçı bildirdi ki, Azərbaycan alternativlər tapa bilər, amma bu zaman da qiymət fərqi olacaq:                                             

“Yağın özünü də idxal edirik. Eyni zamanda bəzi xammal bazasını da idxal edirik. Əsasən bizə indi təsir edən Ukrayna və Rusiyadır. Bunların hər ikisi bitki yağlarının ixracı ilə bağlı dünyada xüsusi yer tutan ölkələrdir. Alternativ olaraq, məsələn, Kanada və ABŞ bazarına üz tuta bilərik. Belə olduğu halda ən azından coğrafi olaraq bunun daşınmasında nə qədər fərq edəcək. Biri var məhsul Rusiya və ya Ukraynadan gəlsin, biri də var Amerikadan. Fərq görünür ki, nə qədərdir. Əvəz etmək mümkün olar, ancaq qiymət istədiyimiz olmayacaq”.

Fuad İbrahimov qeyd etdi ki, yaxın ölkələrin ixrac gücü zəifdir:

“Daha yaxın ərazilərdə istehsal var. Bizim qardaş Türkiyə də duru yağ istehsal edir. Amma onların daxili imkanlarına görə kifayət qədər onu ixrac edə bilmir. Bizim istədiyimiz qədər onlardan məhsul ala bilməyəcəyik. O, birja qiymətlərinə əsaslanır. Dünya birjasında qiymətlər qalxacaqsa, şübhəsiz ki, biz də baha alacağıq. Amma birja qiymətindən başqa biri var ki, qonşudan alırsan birja qiyməti ilə, biri də var ki, gedib dünyanın o biri başından alırsan. Onun daşınması da var. Üstünə də, əlavə daşınma xərci gələcək”.

Ekspertin sözlərinə görə, qiymətlərin aşağı düşməsi üçün təklif tələbatı üstələməlidir:

“Nəzərə alsaq ki, dünyada ərzaq qıtlığı istiqamətində vəziyyət cərəyan edir. Düşünürəm ki, yaxın gələcəkdə hər hansı bir qiymət düşməsi baş verə bilməz. Qiymət ancaq o halda ucuzlaşa bilər ki, bazarda təklif tələbatı üstələsin. Nə vaxt ki, təklif tələbatı üstələyəcək, onda qiymətlər aşağı düşəcək. Biz heç cür mübarizə apara bilmərik. Ancaq yerli istehsala güc verməliyik, daxili imkanlarımızı yerli istehsalla təmin edə bilərik. O boyda həcmi həll etməyə hazır deyilik”./Redaktor.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti