Xəzər Xəbər

İran, Azərbaycan və Gürcüstan yeni nəqliyyat dəhlizi yaradır

İqtisadiyyat | 15:08 • 8 Dekabr 2021
İran, Azərbaycan və Gürcüstan yeni nəqliyyat dəhlizi yaradır

İran, Azərbaycan və Gürcüstan körfəz ilə Qara dənizi birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər.

Bu sözləri İranın Beynəlxalq Tranzit və Yükdaşımalar İdarəsinin baş direktoru Cavad Hidayəti deyib.

O bildirib ki, İranın Şərqi Avropa ölkələrinin bazarlarına çıxışı bu marşrutla həyata keçirilə bilər. Gürcüstan Qara dəniz sahilində 2 böyük limana malikdir. Bu limanlar vasitəsi ilə yüklər Şərqi Avropa ölkələrinə tez çatdırılır. Yüklər Astara gömrük-keçid məntəqəsindən Azərbaycana, oradan isə Gürcüstanın limanlarına daşınacaq. Burada söhbət Gürcüstanın Batumi və Poti limanlarından gedir ki, bu limanlarında Qara dəniz sahilindəki digər ölkələrin limanları ilə əlaqələri və marşrutları mövcuddur.

Qeyd edək ki, İran körfəz ilə Qara dənizi nəqliyyat baxımından birləşdirərək Şərqi Avropa ölkələri ilə ticarət dövriyyəsini artırmaq niyyətindədir və yüklərin Azərbaycan üzərindən daşımaq istəyi də təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müasir nəqliyyat infrastrukturu baxımından Azərbaycan regionun ən inkişaf etmiş dövlətidir. Magistral yolların, limanların, dəmir yolu xətlərinin müasir standartlara uyğun və təhlükəsizliyi təmin olunmaqla yenidən qurulması tranzit yükdaşımalarda ölkəmizə böyük üstünlük qazandırıb. Digər tərəfdən Gürcüstan ilə Azərbaycanın dostluq münasibətləri də dəhlizin açılması üçün zəmin yaradır. (AZƏRTAC)

Xəbər lenti