Xəzər Xəbər

Maşın qiymətinə “zerkalni nömrələr” – Rüsumla o nömrələri almaq mümkündür?

İqtisadiyyat | 15:30 • 6 Dekabr 2021
Maşın qiymətinə “zerkalni nömrələr” – Rüsumla o nömrələri almaq mümkündür?

Xəbər verdiyimiz kimi, avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı yeni dövlət rüsumları müəyyənləşib.

Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Nəticədə bu cür nömrələrin qiymətləri 1000-3000 manat arasında dəyişir. Yəni bu, o deməkdir ki, qanunla vətəndaş "zerkalni” deyilən avtomobil nömrələrini bu qiymətlərə əldə edə bilər.

Bəs, reallıqda istənilən bir şəxs bu cür nömrələri rahat şəkildə, dövlət rüsumunu ödəməklə əldə edə bilirmi?

Qiymətlərlə tanış olmaq üçün elan saytlarına nəzər saldıqda görünür ki, elə avtomobil qiymətinə - 8, 16, hətta 32 min manata avtomobil nömrələri təklif olunur. Bu da qanunda qəbul olunan qiymətlərdən dəfələrlə yüksəkdir.

Mövzu ilə bağlı fikirlərini bildirən deputat Razi Nurullayev də deyib ki, qanunda nəzərdə tutulan həmin qiymətlər bazar qiymətlərini əks etdirmir:

"Qanunda nəzərdə tutulan həmin qiymətlər bazar qiymətlərini əks etdirmir. Sosial şəbəkədə mənim də qarşıma elanlar çıxır, görürəm ki, bəzi nömrələr çox baha qiymətə təklif olunur. Bu baha qiymətə təklif edilən nömrələr artıq alınıb və kiməsə məxsus olan nömrələrdir ki, onu özünün şəxsi malı kimi digərinə satır. Bu da onun şəxsi məsələsidir. Digər tərəfdən "zerkalni” dediyimiz nömrələr isə orada olan qiymətlərdən təbii ki, daha bahadır. Bu o qiymətə niyə qoyulmur, açığı məni düşündürür. Bunun səbəbini bilmirəm. Bir neçə dəfə mən də maraqlanmışam, amma doğru-dürüst cavab ala bilməmişəm. Burada başqa bir misal çəkim, bu, təkcə avtomobil qeydiyyat nişanlarında özünü əks etdirmir. Məsələn, bir torpaq sahəsi üçün dövlət bir rüsum müəyyənləşdirir, amma bazarda onun qiyməti bəzən yüz dəfə çox olur. Dövlət qiymətinə kimlərsə onu alıb, özəlləşdirdikdən bir neçə ay sonra milyonerə çevrilir. Birdən-birə 30-40 milyona, yüz milyona sahib olur, hətta bəziləri milyardlar qazanır. Bu təcrübə Azərbaycanda həmişə olub. Bu misalı ona görə çəkdim ki, dövlət qiyməti ilə bazar qiyməti üst-üstə düşmür. Amma bu, nədən doğur, niyə bunu bazar qiymətinə uyğunlaşdırmırlar?”.

Deputat onu da qeyd edib ki, qanunda göstərilən qiymətlərin artırılaraq bazar qiymətlər səviyyəsinə çatırılması dövlət büdcəsinə də xeyir verə bilər. "Amma mən burada mənfi bir cəhət görmürəm, ən azından dövlət büdcəsinə artım çoxalacaq. O baxımdan "zerkalni” nömrələr 2, 3 minə yox, 5 minə, 10 minə, neçəyə qoyulur qoyulsun. Kimsə bunu almaq istəyirsə, pulu varsa, "nömrə xəstəsi”dirsə, demək onun pulu var, almaq istəyir. Versin, 40 min, 50 min, alsın. Amma bundan dövlətin büdcəsinə də gəlir gəlsin. O baxımdan mənə belə gəlir ki, tariflərin müəyyənləşdirilməsində bu qısqanclığı etmək lazım deyil”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də fikirlərini bildirib. Ekspert də real qiymətlərin baha olduğunu qeyd edib və bunun qarşısını almaq üçün təklif irəli sürüb: "Bu məsələ çoxlarını narahat edir. Kim ki, hansı qeydiyyat nişanını əldə etmək istəyirsə, qanunda göstərilərn qiymətlərdən reallıqda daha yüksəyi ilə qarşılaşır. Bu, ona görə bahadır ki, həmin nömrələri rahat şəkildə, onlayn qaydada əldə etmək mümkün deyil. Bu zaman vətəndaşlar bir sıra çətinliklərlə üzləşir, məmurlarla təmasda olur. Həmin çətinliklərdən də bəzi məmurlar sui-istifadə edir ki, bu da qiymət artımına səbəb olur. Yaxşı olardı ki, dövlət qeydiyyat nişanlarının verilməsi onlayn şəkildə həyata keçirilsin. Bu, çətin bir proses deyil. Vətəndaş onlayn şəkildə daxil olaraq, təmassız həmin nömrələrin ödənişini edərək əldə edə bilsin. Bu süni artımların qarşısını yalnız bu cür almaq olar”.

Mövzu sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub. Belə ki, istifadəçilər qeyd olunan rüsumlara nömrə almağın çox çətin olduğunu yazıblar./azxəbər

Xəbər lenti