Xəzər Xəbər

Avtomobillərin icbari sığortası üzrə yeni qaydalar - Vətəndaşa daha çox pul verilə bilər

İqtisadiyyat | 470 | 15:06 • 1 Dekabr 2021
Avtomobillərin icbari sığortası üzrə yeni qaydalar - Vətəndaşa daha çox pul verilə bilər

"Sığorta hadisəsi zamanı avtomobilə dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməsi vətəndaşlar üçün sərfəli ola bilər".

Bu barədə açıqlamasında sığorta bazarı üzrə ekspert İlkin İbrahimov deyib.

O bildirib ki, bu prosesin tətbiq edilməsi 5 il öncə gündəmə gətirilib:

“Mərkəzi Bankın rəsmisi dünən açıqlamasında bildirib ki, sığorta sahəsində yeniliklər olacaq və zərər görən tərəf sığorta hadisəsi zamanı öz sığorta şirkətinə müraciət edəcək. Bu məsələ əslində yenilik deyil. 2016-cı ildə "İcbari sığortalar haqqında" Qanuna dəyişiklik olundu. Bu məsələ həmin vaxtdan artıq nəzərdə tutulmuşdu. Tutalım, iki avtomobil toqquşur. Əvvəlki qaydalara görə ödənişi zərər vuranın sığorta şirkəti verməlidir. Amma indi zərərçəkənin sığorta şirkəti maşını qiymətləndirəcək və zərərçəkənə ödəniş edəcək. Sonra isə zərərçəkənin sığorta şirkəti həmin məbləği zərərvuranın sığorta şirkətinə göndərəcək ona geri ödəniş etsin. Əvvəllər bu məsələni Mərkəzi Bank və ondan da əvvəl Palata qaldıranda qarışıqlıq yarandı. Bəzi şirkətlər bu barədə narazılıq etdi. Onlar qeyd edirdi ki, zərərçəkənin sığorta şirkəti bilir ki, o pulunu başqa şirkətdən alacaq, onda zərərin məbləğini şişirdə bilər. Ona görə də 2016-cı ildə bu məsələ dayandırıldı”.

İ.İbrahimov bildirib ki, avtomobil sığortası ilə bağlı müstəqil qiymətləndirici ekspertlərə aid edilən məsələlərin tənzimlənməsinə ehtiyac var:

“Burda kifayət qədər mübahisəli məsələlər var. Eyni zamanda, qanunvericilikdə problemlər mövcuddur. Məsələn, qiymətləndirmə ilə bağlı sığorta şirkətlərinin özünün işlədiyi ekspertlər var. Seçim olanda şirkətlər qiymətləndirmə üçün işi həmin ekspertlərə verirlər. Bu zaman da problemlər yaşanır. Mərkəzi Bank indi çıxış yolu olaraq təsadüfi seçim üsulu tətbiq edəcək. Məsələn, siyahıda bir nəfər təsadüfi seçim əsasında seçiləcək və avtomobili qiymətləndirəcək. Müstəqil ekspertlərin reyestrinə Mərkəzi Bank nəzarət edir. Burda müxtəlif suallar ortaya çıxır. Bu ekspertlərə nə qədər inanacağımız gələcəkdəki şəffaflıqdan asılı olacaq”.

Ekspert hesab edir ki, burda Mərkəzi Bank daha sərt mövqe tutmalı idi: "Məsələn, sığorta şirkətləri 3-5 nəfərlə işləyir. O şəxsləri ortaya çıxarıb ictimailəşdirməli idi. Mərkəzi Bank müstəqil ekspertlərin siyahısına nəzarət etməlidir. Amma görünən odur ki, Mərkəzi Bank sadəcə ekspertləri reyestrə salır və ondan sonrakı hissəyə qarışmır. Orda elə adamlar var ki, bir dəfə reyestrə düşür, vəssalam. Sonra həmin şəxsə zəng vurursan telefonu götürmür. Mütəmadi olaraq bu reyestr yenilənməlidir. Fəaliyyət göstərməyənlər reyestrdən çıxarılmalıdır”.

Onun sözlərinə görə, hazırda sığorta sektorunda birinci problem qiymətləndirmə problemidir. Vətəndaşların sözlərinə görə, sığorta şirkətləri qiymətləndirmə zamanı konkret olaraq 3-5 nəfər ekspertlə işləyir.

"Onlar da ya şirkətin öz işçisi olur, ya da şirkətin dediyi qiyməti qoyurlar. İndi Mərkəzi Bank ekspertlərin təsadüfi seçim əsasında seçilməsini və zərərin zərərçəkənin sığorta şirkətinin ödəməsini təmin edəcək. Bu məsələ vətəndaş üçün daha yaxşı ola bilər. Belə ki, gələcəkdə vətəndaşa daha çox pul verilə bilər. Çünki zərərçəkənin şirkəti öz müştərisinə xoş gəlmək üçün məbləği çox yazdıra bilər. Amma zərərvuranın sığorta şirkətinə sərf etməyə bilər. Çünki ona özü iştirak etmədən yüksək məbləğ təqdim oluna bilər", - deyə İ.İbrahimov qeyd edib.

Xatırladaq ki, dünən Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov jurnalistlərə açıqlamasında avtomobillərin icbari sığortası sahəsində yeniliklərin olacağını bildirib. Yeniliklərə əsasən, sığorta hadisəsi baş verdikdə avtomobilə dəymiş zərəri zərər vuranın sığorta şirkəti deyil, zərər çəkənin sığorta şirkəti ödəyəcək./report

Xəbər lenti

Çox oxunanlar