Xəzər Xəbər

Koronavirusun yeni ştamı nefti ucuzlaşdıramağa davam edir – Nələr baş verəcək?

İqtisadiyyat | 12:49 • 27 Noyabr 2021
Koronavirusun yeni ştamı nefti ucuzlaşdıramağa davam edir – Nələr baş verəcək?

Dünən beynəlxalq birjalarda neft qiymətlərinin kəskin enməsi "OPEC+” ölkələrinin hasilatın artırılması qərarını təxirə sala bilər. 

Belə bir ehtimalı "Bloomberg” öz mənbəyinə istinadən irəli sürüb. 

Noyabrın 26-da birjalarda WTI markalı neftin qiyməti 12,8% (10 dollar) azalaraq 68,3 dollara, "Brent” markalı neftin qiyməti 11,3% azalaraq 72,9 dollara geriləyib. Bir gündə neft qiymətlərinin 10-13 faiz dəyər itirməsi "OPEC+” ölkələrini narahat edib. 

"OPEC+” narahatdır ki, COVID-19 virusunun yeni və daha təhlükəli ştamının yayılması məhdudiyyətlərə səbəb olacaq. Məhdudiyyətlərin olması dünyada neftə tələbi kəskin azaldacaq və bazarda əlavə neft həcmləri yaradacaq. Bu halda neft qiymətlərinin yenidən minimum həddə düşməsi ehtimalı güclüdür. Ehtimal edilən risklərdən yayınmaq üçün "OPEC+” neft hasilatını artırmaq qərarını təxirə sala bilər. 

Xatırladaq ki, ilin əvvəlində əldə olunan razılaşmaya əsasən "OPEC+” ölkələri hər ay gündəlik neft hasilatını 400 min barel artırmalıdır. Yeni ştamın yayılması ilə əlaqədar tələbin azalması nəzərə alınarsa, gündəlik hasilatın artırılmasına ehtiyac qalmayacaq. Buna görə də "OPEC+” ölkələrinin dekabrın 1-2 tarixlərində keçiriləcək növbəti görüşündə hasilatın təxirə salınmasına dair qərarın çıxarılması ehtimalı var. Əgər bu yöndə ümumi razılaşma olarsa, 2022-ci ilin yanvarında neft hasilatının artırılmasından imtina ediləcək. Bu qərarın qəbul edilməsi neftin daha çox ucuzlaşmasının qarşısını alacaq. /Sfera.az 

Çox oxunanlar