Xəzər Xəbər

Türkiyə Prezidentinin nümayəndəsi Naxçıvana çəkiləcək dəmiryolunun əhəmiyyətinə toxundu

İqtisadiyyat | 16:52 • 27 Oktyabr 2021
Türkiyə Prezidentinin nümayəndəsi Naxçıvana çəkiləcək dəmiryolunun əhəmiyyətinə toxundu

“Ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Füzuliyə təyyarə ilə gəlmək yuxu kimi idi. Amma dünən bu tarixi an yaşandı”.

Bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Türkiyə Respublikasının Prezidentinin Maliyyə ofisinin müdiri Göksel Aşan deyib.

Onun sözlərinə görə, beş-on il sonra Qarabağın tam olaraq dirçəlməsinin şahidi olacağıq:

“Artıq dünya Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu gördü. Bundan sonra da bunun belə davam edəcəyinə inanırıq”.

O qeyd edib ki, işğaldan azad olunan zonalarda kiçik və orta biznesin inkişafı aparılmalıdır:

“Onların orada inkişaf etməsi üçün işlər görülməlidir. Türkiyədə bütün işlərin 97 faizini KOB-lar həyata keçirir”.

G. Aşan əlavə edib ki, Azərbaycan və Türkiyə arasında Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsi həyata keçiriləcək:

“Bu, region üçün çox önəmlidir”.

Xəbər lenti