Xəzər Xəbər

Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar?

İqtisadiyyat | 17:14 • 23 Oktyabr 2021
Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar?

Ölkəmizdə ötən illə müqayisədə zərgərlik məmulatlarına maraq nisbətən artıb. Bunu bazarda fəaliyyət göstərən sahibkarlar və maraqlı tərəflər də təsdiq edirlər. Təbii ki, əgər söhbət qiymətli metal və daşlardan gedirsə onun keyfiyyət göstəricilərindən tam əmin olmağa ehtiyac yaranır. Hazırda bazarda bəzi saxtakarlıq hallarına yol verilir. 

Oxu.Az bununla əlaqədar zərgərlik məmulatlarının satışında yol verilən saxtakarlıq faktlarını araşdırıb. 

Məsələ ilə bağlı məlumat verən Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyevin sözlərinə görə, hazırda bazarda bu cür hallar mövcuddur və onların aradan qaldırılmasında iri bazar iştirakçıları da maraqlıdırlar:

“Hazırda bəzi dələduzlar süni daşları “təbii” adı ilə istehlakçıya təqdim edirlər. Daşların xüsusi xarakteristikası, onların şəffaflığı və s. meyarlar var ki, bunu istehlakçı görmür. Sadəcə xüsusi zərgərlik lupaları vasitəsilə bunu müəyyən etmək olur. Məsələn, daşda xırda qara və qəhvəyi rəngdə ləkələr olur. Bunu müştəriyə demək lazımdır. Onu mükəmməl adı ilə müştəriyə satmaq artıq saxtakarlıqdır.

Qızılda isə əyar saxtakarlıqlarına yol verilir. Məsələn, üzərində 585 əyar yazıldığı halda əslində məmulat 580, 550, 500 əyar olur. 585 əyar nə deməkdir? Yəni, 1 qram məhsulun tərkibində 58,5 faiz təmiz qızıl var. Lakin, həqiqətdə bundan aşağı olduğu halda yüksək rəqəm qeyd edilir. Bundan da kobud səhvlərə yol verilir. Məsələn, məmulat qızıl ilə radirovka edilir, bizim insanlar buna “qızıl suyu”na salmaq deyirlər, daha sonra onu qızıl adı ilə istehlakçıya satırlar”.

Toğrul Abbasquliyev bildirib ki, Azərbaycan Zərgərlik Assosiasiyası istehlakçılara bu kimi dəyərli məhsulları tanınmış, nüfuzlu mağazalar şəbəkəsindən almağı tövsiyə edir:

“Adı, mənbəyi, sənədi və sertifikatı olmayan məhsulları almayın. Məhsulu əldə etdikdə kassa çeki tələb edin”.

O əlavə edib ki, hazırda qiymətli daşların və metalların keyfiyyətini müəyyən edə biləcək bir qurumun fəaliyyətə başlaması ilə əlaqədar işlər görülür, bununla da istehlakçı aldığı məhsulun keyfiyyətindən əmin ola biləcək:

“Ötən il İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu istiqamətdə işçi qrupu yaradıldı. İşçi qrupu çərçivəsində müvafiq sahədə peşə təhsilinin artırılması, Azərbaycanın zərgərlik adət-ənənələrinin inkişaf etdirilməsi, nəsildən-nəslə ötürülməsi, eləcə də keçmiş Əyar Palatasının funksiyalarının bərpası məsələsi müzakirə olundu. Hazırda bu istiqamətdə işlər gedir.

Azərbaycan Standartlaşdırma İnstitutunun qiymətli metallar və daşlar üzrə standartlar formalaşdıran Texniki Komitəsi fəaliyyət göstərir. Biz çalışırıq ki, bu istiqamətdə müvafiq standartlar qəbul edək. Nəticədə qiymətli daşların və metalların keyfiyyətini yoxlamaq və müəyyən etmək mümkün olacaq. Təkliflər Texniki Komitədə hazırlanır və dövlət qurumlarına ötürülür. Bu, bir il çəkə bilər”.

 

Assosiasiyanın sədri vurğulayıb ki, iri distribütor şirkətlərin heç biri böyük həcmdə dövriyyələri riskə atıb, dələduzluğa yol vermək istəməz, bu onlar üçün çox risklidir, belə dələduzluq hallarına daha çox kiçik sahibkarlıq və ya fərdi zərgərliklə məşğul olan şəxslər əl atırlar.

Azərbaycanda zərgərlik məmulatlarının iri istehsalçılarından olan Ağamirzə Məlikov bildirib ki, istehlakçılar zərgərlik məmulatlarının alışını həyata keçirən zaman onun əyarını, rəngini, parlaqlığını diqqətdə saxlamalıdırdar: 

“Hazırda sintetik brilyantlardan istifadə olunur, onlardan istifadə etmək yanlış deyil, lakin bunu müştəriyə “təbii” adı ilə satmaq saxtakarlıqdır. Bəzi zərgərlər müştərini belə aldadırlar. Mütləq şəkildə istehlakçı məhsulu tanıdığı bir yerdə yoxlatdırmalı, zərgərlə məsləhətləşib almalıdır. Tezliklə Əyar Palatasının fəaliyyətə başlaması gözlənilir. Bu zaman istehlakçı rahat şəkildə məhsulu yoxlaya biləcək”.

Bununla belə istehsalçı qeyd edir ki, bazarda saxtakarlıq halları kütləvi deyil:

“Son bir neçə ildə saxtakarlıq halları azalıb. Artıq bazar özü-özünü tənzimləyir. Xüsusilə də işini düzgün qura bilən zərgərlər saxtakarlıqla məşğul olanları bazardan sıxışdırıb çıxarırlar”.

Zərgərlik məmulatlarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkar Rövşən Xəlilovun sözlərinə görə, insanlar yalnız tanıdıqları şəxsə müraciət edə bilərlər, bununla bağlı sistem mövcud olmadıqca istehlakçı başqa heç nə edə bilməz:

“Hazırda zərgərlik məmulatları ilə bağlı yaranan əsas problemlər qiymətli metalların əyarında yanlışlığın olması, daşlarda 1 karat əvəzinə 5 karat yazılması, xüsusilə də brilyantın karatında problemlər yaşanmasıdır”.

Xəbər lenti