Xəzər Xəbər

Azərbaycanda maaşlar və pensiyalar nə vaxt artacaq? AÇIQLAMA

Deputat: "Gələn ilin büdcəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub
İqtisadiyyat | 4,294 | 16:45 • 18 Oktyabr 2021
Azərbaycanda maaşlar və pensiyalar nə vaxt artacaq?

“Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə başlıca istiqamətdir. Bu gün vətəndaşların sosial rifahının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni sərəncamı vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Sərəncamın icrası ilə bağlı da gələn ilin dövlət büdcəsində əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulur”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir: “Sərəncamın imzalanması beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılıb. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılıb. Hökümət artıq həmin təkliflərin hazırlanmasına başlayıb”.

Deputat qeyd edib ki, dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da müəyyən məhsulların, eləcə də kommunal xidmət haqlarının qiymətində artım baş verir: “Qazın və işığın sonuncu dəfə qiymət artımını isə ajeotaj kimi qəbul etmək lazım deyil. Çünki hər bir sahədə olduğu kimi, kommunal xidmətlərin də keyfiyyətinin yüksəldilməsi üçün müəyyən qiymət artımlarına zərurət yaranır. Bəli, kommunal xidməthaqlarının artması əhali üçün müəyyən çətinliklər yarada bilər. Amma bu artım hər bir ailə üçün 5-6 manatdan yuxarı olmayacaq. Nəzərə alsaq ki, Prezidentin sərəncamına uyğun olaraq, əhalinin gəlirlərində artım olacaq, o zaman kommunal ödənişlərdəki bahalaşma aztəminatlı ailələrin həyat şəraiti və gündəlik güzəranına ciddi təsir etməyəcək”.

M.Abbaszadə vurğulayıb ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanıb: “Dövlət başçısı bunu tarixin bütün mərhələlərində sübut edib. Dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq hissəsi, əlavə gəlirlər daim vətəndaşların sosial vəziyyətinin daha da gücləndirilməsinə yönəldilib. 2022-ci ilin dövlət büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Hesab edirəm ki, əhalinin gəlirlərinin maaş, pensiya, təqaüd və s. xeyli dərəcədə artımına gətirib çıxardacaq bu dəyişikliklər kommunal sahədə əhalinin xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək”./Report

Xəbər lenti