Xəzər Xəbər

Benzinin bahalaşması maşın bazarına necə təsir edəcək? AÇIQLAMA

İqtisadiyyat | 588 | 13:31 • 15 Sentyabr 2021
Benzinin bahalaşması maşın bazarına necə təsir edəcək?

Yüksək oktanlı (95 və 98 oktanlı) benzinin qiymətinin ardıcıl olaraq qalxması avtomobildən istifadə prosesinə və yanaşmalara təsir edəcək. Fərdi avtomobil həvəskarları köhnə avtomobillərə daha çox meyl edəcəklər, çünki belə avtomobillər yerli istehsal olaraq hələlik ucuz olan 92 oktanlı benzini rahat işlədir. Dizel mühərriklərinə də maraq artacaq. Bunlar isə avtomobillərin ekoloji zərəri baxımından yaxşı hal deyil.

XəzərXəbər xəbər verir ki, bu sözləri nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, yüksək oktanlı benzinin qiymətinin qalxması elektromobillərə və hibridlərə marağı artıracaq:

“Xüsusən elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət, həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar. Benzinin qiymətinin artması bütövlükdə avtomobilləşmə prosesinə də mənfi təsir göstərəcək. Bundan təkanverici amil kimi istifadə edilərək ictimai nəqliyyatın inkişaf etdirilməsi, velosipedin real nəqliyyata çevrilməsi və populyarlaşdırılması istiqamətində ciddi işlər görmək lazımdır. İctimai nəqliyyatda xidmət keyfiyyətini artırmaq, onun şəbəkəsini genişləndirmək, yeni növlərini yaratmaq və s. bu kimi tədbirlər fərdi avtomobillərdən istifadəyə marağı azalda bilər.

Qeyd etdiklərimin hamısı müvafiq dövlət qurumları tərəfindən aydın və dəqiq hədəfləri olan nəqliyyat (və ya mobillik) strategiyası (və ya konsepsiyası) əsasında həyata keçirilməlidir. Amma bizimkilərdə həmin strategiya varmı? Tərpənmək lazımdır. Görüləcək işlər çoxdur. Çox gecikmişik”.

Xəbər lenti