Xəzər Xəbər

Avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfə artıb SƏBƏB

İqtisadiyyat | 14:45 • 20 İyul 2021
Avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfə artıb

2016-2020-ci illər ərzində Azərbaycanda avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfədən çox artaraq 400 milyon manatı ötüb. 

Rəsmi məlumatlara əsasən, pərakəndə ticarətdə avtomobil ehtiyat hissələrinə 2016-cı ildə 99 milyon manat xərcləndiyi halda ötən il 402 milyon manat xərclənib. Müqayisə olunan müddətdə bu məhsulların alınmasına sərf edilən vəsait 4,06 dəfə artıb. 

Ehtiyat hissələrinin dövriyyəsinin qısa müddətdə kəskin şəkildə artmasının bir neçə səbəbi var. Amma başlıca səbəb ölkəmizdə olan avtomobillərin çox hissəsinin köhnə olmasıdır. 

2020-ci ilin məlumatına görə, Azərbaycanda 1,46 milyon ədəd avtomobil var. Bunun 1,26 milyon ədədi minik avtomobilidir. Avtomobillərin təxminən 80 faizinin istehsal tarixi 10 ili ötür. Başqa sözlə ölkəmizdə olan hər 100 avtomobildən 80-ni köhnədir. 

Ölkəmizdə olan avtomobillərin köhnəlməsinə idxalın vəziyyəti güclü təsir edir. 2015-ci ildən manatın ucuzlaşması və avtomobil idxalına gömrükdə çəkilən xərclərin artırılması idxalçıların əsasən köhnə avtomobillərə meyl etməsinə səbəb olub. Nəticədə, son 5 ildə Azərbaycana daha çox köhnə avtomobil gətirilməsi müşahidə edilib. 

Mütəxəsislər bildirir ki, köhnə avtomobillər tez-tez sıradan çıxdığından ehtiyat hissələrinə olan tələb də artır. Mövcud vəziyyətin dəyişməyəcəyi təqdirdə ehtiyat hissələrinə olan tələbdəki artım qarşıdakı illərdə də davam edəcək və tezliklə bu məhsulların pərakəndə ticarət dövriyyəsi 800 milyon manata çatacaq. 
Ehtiyat hissələrinə çəkilən xərcin sürətlə artması onun pərakəndə ticarət bazarında payının da yüksəlməsinə səbəb olur. 2016-cı ildə cəmi pərakəndə xərclərin 0,3 faizi ehtiyat hissələrinə çəkilən xərcdən ibarət olduğu halda, ötən il ticarətin1 faizi bu istiqamətdəki xərclərdən təşkil olunub. 

Digər maraqlı fakt ondan ibarətdir ki, artıq ehtiyat hissələrinə çəkilən xərc avtomobillərinin alışına (934 milyon manat) çəkilən xərcin 43 faizinə çatıb. Halbuki, 2016-cı ildə nisbət 13 faiz idi. 

Bazardakı mövcud vəziyyətin təhlili göstərir ki, avtomobil alıcılarının əksəriyyəti yeni avtomobil almaqdansa, köhnə avtomobil alıb təmir etməyi üstün tuturlar. Bunun nəticəsində isə avtomobillərə çəkilən xərclə müqayisədə ehtiyat hissələrinə çəkilən xərc daha sürətlə artır. /Sfera.az

Xəbər lenti