Xəzər Xəbər

TURKUAZ layihəsi çərçivəsində daha bir konteyner qatarı ölkəmizə gəlib

İqtisadiyyat | 15:13 • 11 İyun 2021
TURKUAZ layihəsi çərçivəsində daha bir konteyner qatarı ölkəmizə gəlib

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – TURKUAZ layihəsi çərçivəsində daha bir konteyner blok qatarı Türkiyədən Azərbaycana gəlib.

ADY-dan verilən məlumata görə, Ankaranın Marşandiz stansiyasından yola çıxan blok qatarın təyinat məntəqəsi ADY Konteyner MMC-nin Sumqayıt Terminalıdır. Azərbaycan Dəmir Yollarına məxsus 20 futluq 32 konteynerdə Türkiyədən ölkəmizə sənaye məqsədli ümumi çəkisi 880 ton olan soda məhsulu gətirilib.

Yeni logistik məhsul olan TURKUAZ layihəsi çərçivəsində həftədə iki dəfə olmaqla Türkiyədən Azərbaycana və əks istiqamətdə yükdaşımalar həyata keçirilir.

İxrac-idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabət qabiliyyətinin güclənməsinə təkan verəcək.

TURKUAZ express blok qatarı ilə həmçinin, Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərdə tutulur.

Xəbər lenti