Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərdə inventarlaşdırma işləri davam etdirilir

İqtisadiyyat | 18:08 • 24 May 2021
İşğaldan azad olunmuş ərazilərdə inventarlaşdırma işləri davam etdirilir

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun məlumatına əsasən, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.

Xezerxeber.az xəbər verir ki, artıq 10229 daşınmaz əmlak və 2817 infrastruktur obyekti olmaqla, 13046 əmlakın inventarlaşdırma işləri tamamlanıb.

Bununla yanaşı, 1532 kilometr avtomobil yolunun, 292 kilometr elektrik, 45 kilometr qaz və 19 kilometr su təchizatı xəttinin, 249 kilometr suvarma şəbəkəsinin (kanallar, arxlar və s.) inventarlaşdırılması başa çatdırılıb. 478 000 hektar torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq (elektron xəritələşmə) elektron məlumat bazasına daxil edilib.

Ümumilikdə, 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.

Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma işləri aparılacaq.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Xəbər lenti