Xəzər Xəbər

“Zəfər yolu” iki-üç gün ərzində minalardan tam təmizlənərək təhvil veriləcək

İqtisadiyyat | 15:23 • 6 May 2021
“Zəfər yolu” iki-üç gün ərzində minalardan tam təmizlənərək təhvil veriləcək

Qırx dörd günlük Vətən müharibəsi zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib. Bu dövrdə yerli sakinlər tərəfindən daxil olan 3 minə yaxın çağırış nəticəsində mindən çox partlamamış hərbi sursat aşkarlanıb. İşğaldan azad olunmuş ərazilərdə noyabrın 10-dan etibarən humanitar minatəmizləmə əməliyyatları həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlər üçün təşkil olunan brifinqdə məlumat verib.

Qeyd olunub ki, hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günədək aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib. Əməliyyatlar zamanı 18 min 649 mina və partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib.

İ.İsmayılov əlavə edib ki, indiyədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb. Uzunluğu 10 kilometr olan Suqovuşan avtomobil yolu, Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq, Füzuli-Şuşa istiqamətində 110 kilovoltluq elektrik xətlərinin keçdiyi ərazilər tam təmizlənib. Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Buraya dəmir və avtomobil yolları üzrə layihələr daxildir. Bərdədən Ağdama və Füzulidən Zəngilana dəmir yolu xətlərinin, eləcə də Füzuli-Şuşa avtomobil yolu istiqamətində ərazilərin təmizlənməsi həyata keçirilir. “Zəfər yolu” iki-üç gün ərzində tam təmizlənərək təhvil veriləcək.

Xəbər lenti