Xəzər Xəbər

Deputatdan maklerlərin fəaliyyəti ilə bağlı TƏKLİF

İqtisadiyyat | 15:48 • 5 May 2021
Deputatdan maklerlərin fəaliyyəti ilə bağlı TƏKLİF

“Azərbaycanda rieltorların (maklerlər) fəaliyyətində sistemlilik yoxdur. Buna görə də bu sahədə sistemlilik yaratmaq lazımdır”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat bildirib ki, maklerlərin fəaliyyətində sistemlilik olarsa, onların həm qanun, həm də müştərilər qarşısında məsuliyyəti yaranır.

“Azərbaycanda rieltorlar çox xaotik vəziyyətdə işləyirdilər və bu vəziyyət hazırda da belədir. Bir çox rieltorlar heç bir məsuliyyət daşımır – istər satan, istər də alan insanın qarşısında. Bunların qazancı da qeyri-müəyyəndir”, - deyə R.Quliyev əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda Mərkəzi Rieltor Xidməti fəaliyyət göstərir:

“Həmin müəssisənin fəaliyyəti hərtərəfli şəkildə bu işdəki problemlərin həllinə kömək olacaq və məsuliyyət yaranacaq. Gəlin, bir məqama nəzər salaq. Bir ildən artıq qanun qəbul olunub ki, bütün yeni mənzillərdə alqı-satqı notarial qaydada aparılsın. Əvvəllər isə böyük problemlər var idi – bir ev bir neçə nəfərə satılırdı”.

R.Quliyev söyləyib ki, Mərkəzi Rieltor Xidməti hazırda kiçik bir qurumdur və gələcəkdə orta biznesə çevriləcək.

“Məndə olan məlumata görə, orada 25 nəfərə yaxın insan çalışacaq və dövlətə vergi ödəniləcək. Mən də bunu alqışlayıram. Belə kiçik və orta müəssisələrə dövlət tərəfindən də dəstək lazımdır. Dünya ölkələrində bu cür xidmətlər yaradılıb”.

Deputat qeyd edib ki, hər bir növ, o cümlədən rieltor fəaliyyəti üçün ayrıca qanunun qəbuluna ehtiyac yoxdur.

“Opponentlər qeyd edirlər ki, məsələnin tənzimlənməsi üçün ayrıca qanunlara ehtiyac var. Hər bir fəaliyyət sahəsi ilə bağlı ayrıca qanun bürokratiyaya gətirib çıxarır. Təbii ki, bu fəaliyyət tənzimlənməlidir, ancaq ayrıca qanuna ehtiyac yoxdur. Sadəcə mövcud qanunlara dəyişiklik etməklə məsələləri tənzimləmək olar. Ona görə ki, biz onsuz da kiçik və orta biznesi inkişaf etdiririk və dövlət buna təkan verir”, - deyə R.Quliyev təklif edib.

Millət vəkili bildirib ki, əcnəbi şəxslərin Azərbaycanda daşınmaz əmlak alması hallarının çoxalması yaxşı olardı, çünki bu da xarici investisiyanın bir növüdür.  

R.Quliyevin fikrincə, Avropa təcrübəsi göstərir ki, daşınmaz əmlak 4-5 dəfə sahibini dəyişirsə, bu zaman iqtisadi əsaslarla bazarda stabillik yaranır – həm qiymətlər, həm də icarə faizi ilə əlaqədar.

“Bu nöqteyi-nəzərdən baxanda, bizə lazımdır ki, alqı-satqı ilə bütün əməliyyatlar qeydiyyatdan keçsin”, - deyə R.Quliyev fikrini yekunlaşdırıb./oxu.az

Xəbər lenti