Xəzər Xəbər

AZAL London istiqamətində xüsusi reyslərin icrasına başlayır

İqtisadiyyat | 20:37 • 22 Aprel 2021
AZAL London istiqamətində xüsusi reyslərin icrasına başlayır

Azərbaycanın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportundan Londonun "Hitrou" hava limanına (IATA: LHR) yerinə yetiriləcək xüsusi reyslər üçün bilet satışına başlayır.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib ki, aviabiletləri aviaşirkətin “www.azal.az” rəsmi saytından əldə etmək mümkündür.

“AZAL” aviaşirkəti Böyük Britaniyanın paytaxtına mayın 15-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq (çərşənbə axşamı və şənbə günləri).

Aviabiletlərin satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçirilir.

Bakı-London istiqaməti üzrə reysin sərnişinləri:

- Böyük Britaniya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Böyük Britaniya ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytındakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-uk

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics. Eyni zamanda, Böyük Britaniyaya səyahət edən bütün şəxslər ölkəyə gəldikdən sonra iki dəfə - krallıq ərazisində olduğu ikinci və səkkizinci günlər koronavirus testindən keçməlidirlər. Həmin testlər səyahət etməzdən əvvəl hökumət saytındakı formanı dolduraraq əvvəlcədən təxsis edilməlidir.

London-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar və ya ölkədə daimi yaşamaq üçün icazəyə malik olmalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan.

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Böyük Britaniyada koronavirus infeksiyasına dair testi vermək üçün tövsiyə edilən laboratoriyaların siyahısı ilə burada tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər 14 təqvim günü ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri:

- COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar;

- qeyd olunmuş keçiddən istifadə etməklə pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: https://youtu.be/-s-0s4o1L2M

Xəbər lenti