Xəzər Xəbər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illiyini qeyd edir

İqtisadiyyat | 14:50 • 20 Aprel 2021
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illiyini qeyd edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycanda aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılıb.

İİTKM yarandığı 5 il ərzində 50-dək strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki-iqtisadi əsaslandırma və digər sənədlərin hazırlanmasında, habelə Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edərək islahat gündəliyinin formalaşmasına töhfə verib.

İİTKM dünyada tanınmış beyin mərkəzlərindən biri kimi “EconLAB” iqtisadi təhlil laboratoriyasını formalaşdırıb. Bu laboratoriyada Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və SECO-nun dəstəyi ilə maliyyə proqramlaşdırılması, ümumi tarazlıq, xərclər-buraxılış, ORANI, mikrosimulyasiya, Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) kimi modellər yaradılıb. Dünya Bankının regionda uğur hekayəsi kimi təqdim etdiyi İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu BP şirkətinin dəstəyilə www.monitoring.az portalı əsasında rəqəmsallaşdırılıb. BMT və Dünya Bankı ilə partnyorluq əsasında monitorinq və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin yerli şəraitdə tətbiqi və bu sahədə bacarıqların artırılması istiqamətində nailiyyətlər əldə edilib, açıq hökumət və yaxşı idarəetmə prinsiplərinə əməl olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında top-10 islahatçı ölkə sırasına daxil olub və 190 ölkə arasında biznes mühitinin əlverişliliyinə görə 25-ci yerə qədər irəliləyib. Eyni zamanda, qlobal rəqabətlilik, iqtisadi azadlıq, qlobal innovasiyalar və davamlı inkişaf məqsədləri sahəsində mötəbər reytinqlərdə Azərbaycanın yüksək məqamlarda qərar tutması ölkəmizdə iqtisadi islahatların idarə edilməsinin uğurlu modelinin yaranmasını sübut edir. İİTKM iqtisadi islahatların hazırlanması və həyata keçirilməsi sahəsində dövlət və özəl sektorun dialoqu əsasında qurulan rəqəmsal həll – azranking.az portalının operatorudur.

İİTKM-in 40-dək elektron resursu, “İxrac icmalı”, “İslahat icmalı” və “Videoicmal” kimi xüsusi buraxılışları ilə yanaşı, həm də operativ kommunikasiya siyasəti qeyd edilməlidir. Mərkəz bu beş ildə “Forbes”, “Reuters”, BBC, “Foreign Policy” və “London Post” kimi nüfuzlu dünya nəşrlərində, T20 və Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu kimi platformalarda, BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu qurumların tədbirlərində ölkəmizi təmsil edib.

Azərbaycanda elektron ticarətin lideri Azexport.az, dünyada ikinci olan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, dünyada ilk m-rezidentlik, dünyada ikinci olan e-rezidentlik, ölkədə ilk rəqəmsal inkubasiya və akselerasiya mərkəzi - EnterpriseAzerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azerp.az layihəsi İİTKM-in bu beş ildə əldə etdiyi nailiyyətlər sırasındadır.

2020-ci ildə aparılan Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi qələbə, torpaqlarımızın düşməndən azad edilməsi, tarixi ədalətin bərpası milli qürur mənbəyimiz kimi Vətən, Xalq və Dövlət qarşısındakı məsuliyyətimizi daha da artırır.

Xəbər lenti