Xəzər Xəbər

Əhali qeyri-ərzaq xərclərini azaldıb RƏQƏMLƏR

İqtisadiyyat | 17:38 • 14 Aprel 2021
Əhali qeyri-ərzaq xərclərini azaldıb
2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 
 
XəzərXəbər Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, qeyri-ərzaq xərcləri cəmi xərclərin 45,26 faizini təşkil edib. 
 
2020-ci ildə olduğu kimi 2021-ci ildə də qeyri-ərzaq xərclərində azalma davam edir. Birinci rübün yekunlarına əsasən qeyri-ərzaq malları üzrə pərakəndə ticarət 4,7 faiz azalıb. 
 
Əhalinin daha çox pul xərclədiyi qeyri-ərzaq məhsulu toxuculuq malları, geyim və ayaqqabılardır. Bu mal qrupu üzrə xərclər cəmi qeyri-ərzaq xərclərinin 36,27 faizini təşkil edir. 2021-ci ilin birinci rübündə qeyd edilən xərc qrupu üzrə 0,9 faiz azalma baş verib. Avtomobil benzini və dizel yanacağı üzrə xərclər 9,2 faiz azalaraq 514,1 milyon manata, elektrik malları və mebellər üzrə xərclər 10,6 faiz azalaraq 477,8 milyon manata düşüb. Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üzrə xərclər 2,4 faiz artaraq 65,4 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə xərclər 45,5 faiz artaraq 216,1 milyon manat olub. 
 
Digər qeyri-ərzaq xərcləri üzrə 10 faiz azalma qeydə alınıb.
 
2021-ci ilin birinci rübündə bir ölkə sakini hər ay orta hesabla 145,2 manatlıq qeyri-ərzaq malı alıb ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 2,5 manat azdır. Ötən ilin birinci rübündə insanlar ay ərzində adambaşına 147,3 manatlıq qeyri-ərzaq malı almışdı.

Xəbər lenti