Xəzər Xəbər

SOCAR köhnə yataqların daha səmərəli istismarı üçün çalışacaq

İqtisadiyyat | 16:54 • 14 Aprel 2021
SOCAR köhnə yataqların daha səmərəli istismarı üçün çalışacaq

SOCAR üçün yaxın 10 ildə istehsalatın zirvəsinə çatmaq məqsədi ilə yeni neft hasilatı layihələrinin sürətləndirilməsi məntiqlidir.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzərində də işlər aparılmalıdır.

"Çox güman ki, Azərbaycanda neft hasilatı öz rentabelliyini qoruyub-saxlayacaq, çünki neft qiymətinin tarixi minimuma çatdığı keçən il belə neftimizin əsas hissəsi maya dəyərindən yüksək qiymətə satılırdı", - İ. Əhmədov qeyd edib. 

Onun sözlərinə görə, "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) kvotasına uyğun olaraq köhnə, nisbətən az mənfəətli yataqlarda hasilatın optimallaşdırılması və quyuların müvəqqəti bağlanması tədbirləri şirkətə keçən il neft və qaz hasilatındakı zərərlərin çoxunun qarşısını almağa imkan verib.

"İstehsalın optimallaşdırılması və rəqəmsallaşdırılmasına davam edərək, SOCAR önümüzdəki illərdə, əsas hissəsi quruda yerləşən köhnə yataqların daha ucuz (sərfəli) və daha səmərəli istismarı üçün çalışacaq. Bu da sözügedən yataqların əsas hissəsini istismara cəlb edə bilər", - İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barel səviyyəsində saxlanılacağı nəzərdə tutulub.

"OPEC+" ölkələri nazirlərinin 15-ci iclasında isə gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barelədək artırılması ilə bağlı qərar qəbul edilib.

Yeni razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilat kvotası 2021-ci ilin ilk 4 ayı üzrə götürdüyü könüllü hasilat öhdəliyindən (595 min barel) mayda 8 min barel və əlavə olaraq iyunda 7 min barel, iyulda isə 10 min barel artıq təşkil edəcəkdir. Ölkədə gündəlik xam neft hasilatı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq./apa

Xəbər lenti