Xəzər Xəbər

Yeni Mehdiabadda fərdi yaşayış evlərinə təbii qaz verilib

İqtisadiyyat | 18:31 • 5 Mart 2021
Yeni Mehdiabadda fərdi yaşayış evlərinə təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyində qazi və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılır.

Birlikdən xezerxeber.az-a bildirilib ki, ötən il dekabrın 15-dən cari il fevral ayının sonunadək 1-ci Qarabağ və Vətən müharibəsinin iştirakşısı olan qazilərin, şəhid ailələrinin “Azəriqaz”a 31 müraciəti daxil olub. Bunlar yalnız birliyin Təmir-Tikinti İdarəsinin həyata keçirəcəyi işlərin siyahısıdır. Bundan başqa, Regional Qaz İstismarı İdarələri də 8 bölgə üzrə onlarla eyni təbəqədən olan insanların müraciətlərinin icrasını tənzimləməkdədir. Bu igid övladlardan bir neçəsinin qəhrəmanlıq hekayəsini də nəzərdən keçirək.

Elgün Muradov və atası Nəriman Muradov torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur döyüşçülər olublar. Oğul 2020-ci il sentyabrın 27-də başlanılan Vətən müharibəsinin, ata isə 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Hər ikisi vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaqdan fəxr hissi keçirdiklərini deyirlər. E.Muradov Vətən müharibəsində Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında şücaət göstərib. Onun atası N.Muradov isə 1-ci Qarabağ müharibəsində 1992-ci ildə Ağdərə, Tərtər, Qırmızıkənd istiqamətində döyüşüb.

Onlar Abşeron rayonu, Yeni Mehdiabad yaşayış massivindəki fərdi yaşayış evlərində təbii qazın olmadığı barədə “Azəriqaz” İB-yə müraciət ediblər. Qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinin müraciətlərinə diqqət göstərən birlik bu müraciətə də həssaslıqla yanaşıb. Qısa müddət ərzində sözügedən yerdə qazlaşdırma işləri həyata keçirilib.

Xəbər lenti