Xəzər Xəbər

Afrikanın 20-dən çox televiziya və radio kanalı “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

İqtisadiyyat | 14:32 • 25 Fevral 2021
Afrikanın 20-dən çox televiziya və radio kanalı “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

Dünyanın bir çox televiziya və radio kanallarının platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən bildirilib ki, müqaviləyə əsasən, “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edir.

Qeyd edək ki, şirkət hazırda Qərbi Afrikada 20-dən çox televiziya və radio kanalı yayımlayır, yüksəkkeyfiyyətli infrastrukturu ilə videoməzmunun kanallara asanlıqla paylanmasını təmin edir.

“Bu əməkdaşlıq sayəsində, xüsusilə Qərbi Afrika bölgəsində olan milyonlarla izləyicimiz üçün populyar kanalları HD formatında fasiləsiz yayımlayacağıq”, – deyə “View Satellite Network” şirkətinin baş icraçı direktoru Maksvel Osei bildirib.

“Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye isə qeyd edib: “View Satellite Network” şirkətinin müasir və yüksək texnologiyalı yayım şəbəkələri “Azerspace-2” peykinin imkanlarının səmərəli istifadəsinə zəmanət verir. Bizim əməkdaşlığımız Afrikadakı gələcək layihələrimiz üçün “Azərkosmos”un etibarlı partnyor olduğunu bir daha sübut edəcək”.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.

Xəbər lenti