Xəzər Xəbər

Dövlət-özəl tərəfdaşlığı fonunda işğaldan azad olunmuş ərazilərə daha çox investisiya cəlb ediləcək

İqtisadiyyat | 13:44 • 23 Fevral 2021
Dövlət-özəl tərəfdaşlığı fonunda işğaldan azad olunmuş ərazilərə daha çox investisiya cəlb ediləcək

İşğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı görülən işlər sistemli və kompleks şəkildə həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, dövlətimizin başçısı tərəfindən həmin ərazilərimizin bərpası və iqtisadiyyatın qurulması ilə bağlı 4 mühüm prioritet müəyyənləşdirilib. İlkin mərhələdə həmin ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələdə infrastruktur layihələrinin həyata keçirilməsi, üçüncü mərhələdə sosial obyektlərin, inzibati binaların inşası, sonuncu mərhələdə isə məskunlaşmasına başa çatdırılması reallaşacaq.

“Bu da təbii ki, işğaldan azad olunmuş ərazilərimizin səmərəli şəkildə bərpasına imkan verəcək. Həmin ərazilərimizin inkişafı ilə bağlı hazırlanan konsepsiyada həm təşviq, həm də sahibkarlar üçün güzəştlər nəzərdə tutulub. Bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün xüsusi güzəşt mexanizmi tərtib olunacaq. Bu, dövlət-özəl tərəfdaşlığının daha da gücləndirilməsinə imkan verəcək. Dövlət-özəl tərəfdaşlığı fonunda işğaldan azad olunmuş ərazilərimizə daha çox investisiyanın cəlb olunmasını müşahidə edəcəyik. Bu il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, Qarabağ Dirçəliş Fondu yaradılıb. Fond büdcədənkənar vəsaitin müxtəlif mənbələrdən cəlb edilməsi və bu vəsaiti işğaldan azad olunmuş ərazilərimizə yönəltməyi əsas məqsəd olaraq qarşısına qoyub. Fondun digər fəaliyyətlərindən biri dövlət-özəl tərəfdaşlığının dəstəklənməsi və gücləndirilməsidir. Bu baxımdan biz işğaldan azad edilmiş ərazilərimizdə özəl sahibkarların, sərmayənin daha geniş şəkildə cəlb olunmasını görəcəyik", - deyə V.Bayramov qeyd edib.

Xəbər lenti