Xəzər Xəbər

Rayonlardakı sahibkarlara vergi güzəştləri edilməli, aşağı faizli kreditlər verilməlidir - Millət vəkili

İqtisadiyyat | 11:36 • 26 Yanvar 2021
Rayonlardakı sahibkarlara vergi güzəştləri edilməli, aşağı faizli kreditlər verilməlidir -

Nazirlər Kabineti işğaldan azad olunan ərazilərimizin bərpası və iqtisadi inkişafı üçün prioritetləri müəyyənləşdirib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Qarabağ bölgəsində infrastrukturun formalaşması və fərqli sektortların inkişaf üçün yeni mexanizm və meyarlar işləniləcək. Gözlənilir ki, işğaldan azad olunan ərazilərimiz üçün kənd təsərrüfatı və turizm prioritet sektorlar olacaq. Bununla yanaşı, həmin ərazilərimizin sənaye potensialı da qiymətləndiriləcək. Bütün bunlar isə Böyük Qayıdış planları ilə əlaqələndirləcək.


Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bildirib. 


O qeyd edib ki, işğaldan azad olunmuş rayonlarımızın inkişafı üçün xüsusi təşviq mexanizminin tətbiq ediləcəyi gözlənilir: "Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə də aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq, yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq oxşar modelin istifadə arzuolunan olardı".


V.Bayramov qeyd edib ki, bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Onun sözlərinə görə, bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir.

Xəbər lenti