Xəzər Xəbər

Xudafərin gömrük-keçid məntəqəsinin yaradılması üçün işlərə başlanıb

İqtisadiyyat | 11:43 • 11 Yanvar 2021
Xudafərin gömrük-keçid məntəqəsinin yaradılması üçün işlərə başlanıb

Xudafərin gömrük-keçid məntəqəsinin açılması Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etmək, iqtisadi əlaqələri daha da genişləndirmək və vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq üçün əhəmiyyətlidir. Bu məntəqə iki qonşu və dost dövlətin iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcək.


Bu sözləri İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. O bildirib ki, Təbrizin Azərbaycan ərazisinə yaxın olması səbəbindən bu gömrük məntəqəsinin açılması, Qarabağın yenidənqurma prosesində İran şirkətlərinin iştirakını təmin edəcək. Ehtiyac duyulan avadanlıqların və əşyaların verilməsində çox vacib və həlledici rol oynayacaq. Artıq valinin imzası ilə gömrük-keçid məntəqəsinin yaradılmasını tələbi ilə hökumətə müraciət hazırlanır.


Xudafərin körpüsünün yenidən qurulması nəticəsində İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikasının işğaldan azad edilən rayonları ilə əlaqələr inkişaf edəcək. Bu əlaqələrin qurulub inkişaf etdirilməsi isə İranın üçün prioritet siyasi xəttdir.


Ə.Cahangiri vurğulayıb ki, Xudafərin gömrük-keçid məntəqəsinin açılışı Türkiyə daxil olmaqla bölgə ölkələrinin İranın tranzit imkalarından istifadə etmək hüququ yaradacaq. (AZƏRTAC)

Xəbər lenti