Xəzər Xəbər

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

İqtisadiyyat | 09:35 • 19 Sentyabr 2019
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

Xətai rayonu "NZS” qəsəbəsində 9 km-ə yaxın küçədə təmir işləri aparılaraq yekunlaşdırılıb. Hazırda isə "NZS” qəsəbəsinin əsas küçələrindən olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinə start verilib. Küçələrin ümumi uzunluğu 4.2 km təşkil edir.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, sözügedən küçələr "NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir. Buna görə küçələr boyu avtonəqliyyat vasitələrinin intensiv hərəkətini müşayiət etmək mümkündür. Uzun illər istismar olunmasına baxmayaraq, küçələrin təmir olunmaması nəticəsində yolun hərəkət hissəsində qabarma və çökmələr, tor şəkilli çatlar və dağılmalar əmələ gəlib. Bu isə gediş-gəlişə ciddi şəkildə maneə yaradırdı. Hazırda aparılan təmir işləri bu problemin aradan qaldırılmasına, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin olunması hesablanıb.


Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Bu üzdən sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə, onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur. Bu aşağıdakı küçələrdir:


Məzahir Rüstəmov küçəsi – 1.4 km;


Qaçaq Nəbi küçəsi – 0.7 km;


Əliağa Şıxlinski küçəsi – 1.9 km;


Oksigen küçəsi – 0.6 km;


Natiq Əliyev küçəsi – 0.15 km;


İzzət Orucov küçəsi – 0.4 km;


İnqlab İsmayılov küçəsi – 4 km;


Kamandar Əhmədov küçəsi – 0.15 km;


Abdulla Rəhimov küçəsi – 0.95 km;


Yavər Əliyev küçəsi – 0.6 km;


Zeytun sovxozuna gedən yol – 0.85 km.

Rubrikanın digər xəbərləri

Xəbər lenti