Xəzər Xəbər

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox investisiya yatırılıb

İqtisadiyyat | 11:32 • 29 Mart 2019
Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox investisiya yatırılıb

Son 15 ildə Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ölkəyə 230 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. Bunu "İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.


Onun sözlərinə görə, qeyd olunan investisiyalardan 110 milyard dollardan çox məbləği xarici investisiyaların payına düşür.


"2018-ci ilin dekabrında ölkə başçısı tərəfindən imzalanmış "yaşıl dəhliz" sisteminin daha da genişləndirilməsi ilə bağlı və idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarlara verilən xüsusi icazələr vasitəsilə həyata keçirilməsi birmənalı olaraq məmur-vətəndaş təmasının minimuma endirilməsinə şərait yaradıb", - deyə S.Mehdiyev qeyd edib.



Komitənin sədri onu da bildirib ki, istənilən sahədə risklərin hesablanması, istər özəl qurumlarda, istərsə də dövlət qurumlarında risklər mövcuddur.


Odur ki, dövlət və özəl qurumlarda risklərin parametrləri müəyyənləşdirilməlidir: "Bu sahədə heç bir dövlət qurumu və özəl şirkət deyə bilməz ki, onlarda hər şey öz yolundadır. Təbii ki, zaman içərisində ola biləcək problemlər gərək qabaqcadan muəyyənləşdirilsin. İstər sahibkarları narahat edəcək risklər, istərsə də dövlət büdcəsinin formalaşdırılmasında həyata keçiriləcək islahatlar olsun. Bu sahədə risklərin diversifikasiyası əsasında bütün işlərimizi qurmalıyıq. Hər bir sahibkar, hər bir dövlət qurumu riskləri müəyyənləşdirməklə ortaya çıxa biləcək mənfi tendensiyaların qarşısını almaqla inkişafa nail olmaq mümkündür”.

Xəbər lenti