Azərbaycanın dünya
bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin
qiyməti 2,21 dollar və yaxud 2,8% artıb.
XəzərXəbər xəbər verir ki, nəticədə "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 81,03 dollar təşkil edib.
Qeyd edək ki, "qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdən biri ötən günlərdə ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə
köçürdükdən sonra Qəzza sektorunun sərhədində İsrail ordusu ilə
toqquşmaların artmasının Orta Şərqdə neft təklifi ilə bağlı problemlərin
yaranacağına dair ehtimallara zəmin yaratmasıdır.
Neftin qiymətindəki artıma digər səbəb isə ABŞ-ın İranın
nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən
sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarı ilə əlaqədar Fransanın
"Total” neft-qaz şirkətinin İrandakı
4,2 milyard avroluq "Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf
etdirilməsi layihəsinin icrasını dayandırması, neft və dəniz daşımaları
sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan Danimarkanın
"Maersk” holdinqinin İrandakı bütün fəaliyyətini sona çatdırması, həmçinin "Siemens”in baş icraçı direktoru Joe Kaiserin şirkətin artıq İranla yeni əməkdaşlıq qurmayacağını bildirməsi səbəb olan faktorlardır.
Digər
tərəfdən Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) son hesabatına
görə, iqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada
gündəlik neft istehsalı apreldə martla müqayisədə 41 min 700 barrel
azalaraq 1 milyon 436 barrelə düşüb. Venesuelada neft hasilatının
azalması, eləcə də ABŞ-ın neft emalı zavodlarının iyun ayında təmirə bağlanacağı da "qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdir.