Xəzər Xəbər

“Qəbələ” komandasının yeni baş məşqçisi məlum olub

İdman | 21:50 • 25 Fevral 2024
“Qəbələ” komandasının yeni baş məşqçisi məlum olub

“Qəbələ” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Klubdan Xezerxeber.az-a verilən məlumata görə, Elmar Baxşıyevin istefasından sonra boş qalan posta gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze təyin edilib. 55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb.

Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-1986, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-2002), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-2004), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-1996), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Tsxadadze MDB (1992) və Gürcüstan (1991-1998) milli komandalarının formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.

Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-2014) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001-2002-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Tsxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Onun rəhbərlik etdiyi komandalar 2004-2005-ci və 2005-2006-cı illər mövsümlərində Gürcüstan, 2009-2010-cü illər mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.

Tsxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-2015-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024