“Sabah avrokubokların cari mövsümündə son oyunumuza çıxacağıq. Avropa Liqasındakı nəticəmizə baxmayaraq, ili komandam üçün uğurlu sayıram”.
Xezerxeber.az xəbər verir ki, bu sözləri İsveçin “Hekken” klubunun baş məşqçisi Per-Matias Hoqmo UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri VI tur oyunundan öncə mətbuat konfransında deyib.
O, Ağdam təmsilçisinin xarakterli komanda olduğunu bildirib: “Qrup mərhələsində çox yaxşı çıxış etdilər. Heyətində əla oyunçular var. İsveçdə "Qarabağ"a qarşı yaxşı oynadıq, bərabər səviyyəli görüş oldu. Amma təəssüf ki, sonda məğlub olduq. Sabah qrupda ilk xalımızı qazanmaq istəyirik”.
O, Bakıda hökm sürən soyuq hava şəraitində oynamağa öyrəşdiklərini vurğulayıb: “Bu günlərdə burada əsl İsveç havası var: külək əsir, yağış yağır. Biz bu havada oynamağa alışmışıq”.
Üçüncü dəfə Bakıya səfər etdiyini xatırladan baş məşqçisi yenidən burada olmaqdan məmnunluğunu ifadə edib.
O, Azərbaycan futbolunun səviyyəsindən də söz açıb: “Klublarınız, milli komandanız inkişaf edir. Nəticələriniz yaxşıdır”.
“Qarabağ” və Norveç “Molde”sinin oxşar komandalar olduğunu söyləyən Per-Matias Hoqmo deyib: “Hər ikisinin avrokubok təcrübəsi var. Hansı komanda qrupdan çıxsa, pley-offda mübarizə apara biləcək gücdədir”.
“Hekken”in kapitanı Samuel Qustafson da meydana yaxşı nəticə üçün çıxacaqlarını vurğulayıb: “Baş məşqçimiz komandada elə bir fəlsəfə formalaşdırıb ki, hamı bir-birinə dəstək olur və güvənir. Hər dəfə daha yaxşı oynamaq istəyirik. Hazırda xalımız yoxdur və sabah bunu dəyişmək niyyətindəyik. “Qarabağ”da yaxşı futbolçular çoxdur. Onların arasında əcnəbilər və milli komandalarda çıxış edən yerli futbolçular var. Marko Yankoviçi çoxdan tanıyıram. “Qarabağ”ın hücum xəttində fərdi keyfiyyətləri yüksək olan oyunçular yer alıblar”.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” matçı saat 21:45-də başlayacaq.