Xəzər Xəbər

“Qətər-2022”: Qrup mərhələsində ikinci turun son oyunları keçiriləcək

İdman | 09:34 • 28 Noyabr 2022
“Qətər-2022”: Qrup mərhələsində ikinci turun son oyunları keçiriləcək

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Xezerxeber.az xəbər verir ki, bu gün mundialın qrup mərhələsində ikinci turun son oyunları keçiriləcək. Belə ki, G və H qruplarında ümumilikdə dörd oyun təşkil ediləcək.

Günün ilk oyununda G qrupunda Kamerun və Serbiya yığmaları üz-üzə gələcəklər. Bu qrupun digər qarşılaşması Braziliya yığması ilə İsveçrə seçməsi arasında olacaq.

H qrupunda Cənubi Koreya Qana ilə görüşəcək, Portuqaliya isə Uruqvayı sınağa çəkəcək.

Qeyd edək ki, G qrupunda Braziliya və İsveçrə hərəyə 3 xal qazanıblar, Kamerun və Serbiya xalsızdır. H qrupunda isə Portuqaliya 3, Uruqvay və Cənubi Koreya 1 xala malikdir, Qana xal toplaya bilməyib.

Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Xəbər lenti