Xəzər Xəbər

"Qalatasaray"dan daha iki ulduz transferi - Danışıqlar gedir

İdman | 18:30 • 13 Avqust 2022
"Qalatasaray"dan daha iki ulduz transferi - Danışıqlar gedir
Son olaraq Lukas Torreyra ve Dries Mertens kimi ulduzları heyətinə qatan "Qalatasaray" daha iki məşhur futbolçunu transfer etmək istəyir.
 
Bunlardan biri Andrea Belottidir. İtaliyanın "La Gazetta dello Sport" qəzetinin xəbərinə görə, "Sarı-qırmızılılar" italyan futbolçu ilə danışıqları davam etdirir. 
 
2015-ci ildə "Palermo"dan "Torino"ya 8.5 milyon avroya transfer olunan 28 yaşlı forvard bu komandada indiyədək oynadığı 251 matçda 113 qol vurub və 28 məhsuldar ötürmə edib. İtaliya millisində meydana çıxdğı 44 matçda isə 12 dəfə fərqlənib. 
 
"Qalatasaray"ın hədəfindəki digər ulduz isə PSJ-dən ayrılması gözlənilən Mauro İkardidir. "TyC Sports"un xəbərinə görə, Paris təmsilsçisi argentinalı forvarda özünə klub tapmağı tapşırıb. Onunla hazırda "Qalatasaray" və "Mançester Yunayted" maraqlanır. 
 
İddiaya görə, "Qalatasaray" rəsmiləri artıq İkardinin həyat yoldaşı və meneceri Vanda Nara ilə üç dəfə görüşərək, rəsmi təkliflə çıxış ediblər. İstanbul klubu onu icarəyə götürmək istəyir. Bu zaman İkardinin maaşının böyük hissəsini PSJ ödəyəcək.
 
Mauro İkardi 2020-ci ildə "İnter"dən PSJ-yə 50 milyon avroya transfer olunub. Klub karyerası ərzində ümumilikdə 383 oyuna çıxan 29 yaşlı forvard 203 qol vurub və 43 məhsuldar ötürmə edib. İkardi Argentina millisində cəmi 8 oyuna çıxaraq 1 qola imza atıb.

Xəbər lenti