Xəzər Xəbər

Azərbaycan Premyer Liqası: Bürünc medalçı müəyyənləşir

İdman | 10:10 • 21 May 2022
Azərbaycan Premyer Liqası: Bürünc medalçı müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

XəzərXəbər xəbər verir ki, sonuncu - XXVIII turun 2 oyunu eyni saatda başlayacaq.

Avrokuboklara vəsiqəni ötən tur təmin edən "Zirə" "Şamaxı"nı qəbul edəcək. 46 xalla 3-cü pillədə qərarlaşan "qartallar" qələbə qazanacağı halda bürünc medallara sahib çıxacaq. 21 xalı olan "Şamaxı" isə hazırda 6-cı sırada yer alıb.

Komandalar indiyədək ölkə çempionatında 26 dəfə rəqib olublar. Bunların 10-da meydan sahibləri, 6-da qonaqlar qalib gəlib. Topların nisbəti də Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın xeyrinədir - 33:27. "Zirə" son 7 oyunda uduzmayıb. "Şamaxı" isə son 4 matçda qol vurmayıb.

Bu oyunla eyni saatda start götürəcək digər qarşılaşmada 44 xalla 4-cü sırada gedən "Qəbələ" özündən 4 xal az toplayan və 5-ci olan "Sabah"ı qəbul edəcək. Növbəti mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət klubu çempionatı 3-cü yerdə bitirə bilər. "Qırmızı-qaralar" bunun üçün rəqibinə qalib gəlməli və "Zirə"nin xal itirməsini gözləməlidir.

 
 

Bu, iki kollektivin Premyer Liqadakı 15-ci dueli olacaq. Əvvəlki 14 qarşılaşmanın 5-i "Qəbələ"nin, 7-si "Sabah"ın xeyrinə başa çatıb. "Qırmızı-qaralar" rəqibin vurduğu 20 qola 14 topla cavab verib. "Sabah" son iki görüşdə üç qol vuraraq qalib gəlib. Qəbələdəki son 4 matçda hər iki komanda qol vurub.

 

Turun digər matçı Sumqayıtda eyniadlı komanda ilə "Səbail" arasında baş tutacaq. Bu görüşü autsayderlərin dueli də adlandırmaq olar. Çünki "gənclik şəhəri" təmsilçisi 19 xalla 7-ci, "dənizçilər" isə 15 xalla sonuncu - 8-cidir.

Komandalar bunadək ölkə çempionatında 17 dəfə üz-üzə gəlib. Bunların 8-də meydan sahibləri, 6-da qonaqlar qələbəni bayram edib. Topların fərqində də "Sumqayıt"ın üstünlüyü var - 18:14. Son 4 oyunda 2 və ya daha az qol qeydə alınıb. "Səbail" son 5 matçda yalnız bir dəfə qalib gəlib.

 

Mövsüm "Qarabağ" və "Neftçi" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 66 xalla zirvədə, "ağ-qaralar" isə 50 xalla 2-ci pillədə qərarlaşıb.

Əzəli rəqiblər indiyədək Premyer Liqada 86 dəfə üz-üzə gəlib. Qələbə sayına görə Ağdam klubu rəqibini xeyli qabaqlayır - 33:23. Bu oyunlarda bölgə klubu 100, paytaxt təmsilçisi 78 qol vurub. Son 7 matçda heç-heçə qeydə alınmayıb. “Qarabağ” son 3 oyunda qalib gəlib.

 

Azərbaycan Premyer Liqası

XXVIII tur

 

21 may (şənbə)

17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu, (canlı/CBC Sport)

 

17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, (pfl.az/canlı)

19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena".

 

19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, (canlı/CBC Sport)

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçından sonra mükafatlandırılma mərasimi keçiriləcək.

Xəbər lenti