Xəzər Xəbər

Günün transfer xəbərləri: "Nyukasl"ın güclənmək planı

İdman | 14:55 • 27 Yanvar 2022
Günün transfer xəbərləri: "Nyukasl"ın güclənmək planı

Qış transfer pəncərəsi dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

Keyt Dauni (Sky Sports): "Nyukasl" yarımmüdafiəçi Brunu Gimarynşı transfer etmək üçün "Lion"la 30 milyon funt sterlinqə razılaşıb.

"The Mirror" nəşri: "Börnli" Zaqreb "Dinamo"su ilə Mislav Orsiçin transferi üçün 7 milyon funt-sterlinqə anlaşıb.

Canluka Di Martsio, futbol insayderi: "Fiorentina" "Bazel" ilə hücumçu Artur Kabralın 14 milyon avro müqabilində transferi barəsində razılığa gəlib.

Oliver Kan mətbuat konfransında Niklas Zülenin yayda azad agent olaraq "Bayern Münhen"dən ayrılacağını təsdiqləyib: “Niklas ilə danışıqlar çox uzun sürdü. Ona bir neçə dəfə müqavilə müddətinin uzadılmasını təklif etdik, qəbul etmədi. O, mövsümün sonunda azad agent olaraq klubdan ayrılacaq”.

Pit Rurk, idman jurnalisti: "Nyukasl" "Brayton"la müdafiəçi Den Börnün 10 milyon funt sterlinq qarşılığında transferi barəsində danışıqlar aparır.

RMC saytı: "Nitsa" "Anje" klubu ilə Bilal Brahiminin transferi ilə bağlı razılığa gəlib. Transfer məbləği 7,5 milyon avro təşkil edəcək. Futbolçu "Nitsa"da 3 mövsüm keçirəcək.

Canluka Di Martsio, futbol insayderi: "İnter" "Atalanta" ilə Robin Qozensin transferi barədə razılığa gəlib. Müdafiəçi 3 milyon avro müqabilində "İnter"ə icarəyə veriləcək. Yaxın bir neçə saat ərzində müqavilə imzalanacaq.

"Qalatasaray" klubunun rəsmi saytı: 28 yaşlı müdafiəçi Deandre Yedlin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Baş tutmuş transfer xəbərləri: 

Dmitri Stotski (32 yaşlı yarımmüdafiəçi)

"Krasnodar"dan (Rusiya) "Nijni Novqorod"a (Rusiya) transfer olunub. Futbolçu komandaya azad agent olaraq keçib.

Okay Yokuşlu (27 yaşlı yarımmüdafiəçi)

"Selta"dan (İspaniya)  "Xetafe"yə (İspaniya) icarəyə verilib. Futbolçu 2021/22-ci il mövsümünün sonuna qədər "Xetafe"də forma geyinəcək.

Culian Şabo (23 yaşlı müdafiəçi)

"Sampdoria"dan (İtaliya) "Köln"ə (Almaniya) icarəyə verilib. Futbolçu 2023-cü ilin yayına qədər Almaniya klubunda çıxış edəcək.

Xvan Xi Çan (26 yaşlı yarımmüdafiəçi)

"Layptsiq"dən (Almaniya) "Vulverhempton"a (İngiltərə) transfer olunub. Keçid məbləği 14 milyon avro olan futbolçu mövsümün sonuna qədər icarə əsasında "Layptsiq"də oynayacaq.

Pol Arriola (26 yaşlı yarımmüdafiəçi)

"Di Si United"dən (ABŞ) "Dallas"a (ABŞ) keçib. Transfer məbləği 2 milyon dollar təşkil edib.

Konstantin Kuçaev (23 yaşlı yarımmüdafiəçi)

ÇSKA-dan (Rusiya) "Rubin"ə (Rusiya) icarəyə verilib. Futbolçu 70 min avro müqabilində 2021/22-ci illər mövsümünün sonuna qədər çıxış edəcək.

Yorrit Hendriks (26 yaşlı yarımmüdafiəçi)

"Spartak"dan (Rusiya) "Feyenord"a (Niderland) transfer olunub. Futbolçu 2022/23-cü illər mövsümünün sonuna qədər Niderland klubunda icarədə olacaq.

Samuel Kalu (24 yaşlı yarımmüdafiəçi)

"Bordo"dan (Fransa) "Uotford"a (İngiltərə) icarəyə verilib. Transfer məbləği 500 min funt sterlinq təşkil edən futbolçunun müqaviləsinin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Uilfrid Boni (33 yaşlı hücumçu)

"Əl-İttihad"dan (Səudiyyə Ərəbistanı) "NEC Nijmegen"ə (Niderland) transfer olunub. Azad agent qismində keçid edən futbolçu mövsümün sonuna qədər Niderland təmsilçisinin şərəfini qoruyacaq.

Xəbər lenti