Xəzər Xəbər

“Sivasspor”un Mahir üçün təklif etdiyi məbləğ

İdman | 11:55 • 22 Yanvar 2022
“Sivasspor”un Mahir üçün təklif etdiyi məbləğ

Türkiyənin "Sivasspor" klubunun millimizin və "Legiya"nın (Polşa) hücumçusu Mahir Emreliyə "elçi" düşdüyü barədə məlumat vermişdik. 

Super Liqa təmsilçisinin Emreli üçün ödəməyə hazır olduğu məbləğ açıqlanıb. 

"WP SportoweFakty" saytının əməkdaşı Petr Kozminskinin sözlərinə görə, türk klubu 25 yaşlı futbolçu üçün 400 min avro ödəməyə hazırdır. Ancaq bu məbləğ Varşava təmsilçisini qane etmir. Belə ki, "Legiya" tərəfi Emreliyə bir neçə milyon avro dəyərində qiymət "biçib". 

TVP Sport-a danışan Kozminski onu da qeyd edib ki, Mahir mövsümə yaxşı başlasa da, zamanla işlərin pisləşməsi, Polşa çempionatında cəmi 2 qol vurması və ən əsası tərəflər arasında məhkəmə çəkişməsi futbolçunun imicinə və transfer qiymətinə təsirsiz ötüşməyəcək. 

Bundan əlavə, Türkiyədə lirənin dəyərində enişin müşahidə olunması klubların maliyyəsinə də öz təsirini göstərəcək.

Jurnalist bildirib ki, transfer bazarı ilə əlaqəli şəxslərdən öyrəndiyinə görə, "Legiya"nın bu futbolçuya görə ala biləcəyi ən böyük məbləğ 1 milyon avrodan bir qədər çox ola bilər. 

Qeyd edək ki, Mahir Emreli keçən yay transfer olunduğu "Legiya"da bütün turnirlərdə 33 matç keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xatırladaq ki, forvardı heyətinə qatmaq istəyən klublar sırasında "Sivasspor"la yanaşı "Başakşehir", "Dinamo" (Zaqreb, Xorvatiya) və "Visla" (Krakov, Polşa) var./Fanat.Az 

Xəbər lenti