Xəzər Xəbər

“Avro-2020”: Bu gün II turun oyunları keçiriləcək

İdman | 14:54 • 19 İyun 2021
“Avro-2020”: Bu gün II turun oyunları keçiriləcək

İyunun 19-da futbol üzrə Avropa çempionatının F və E qruplarında II turun oyunları keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, günün ilk matçında Macarıstan yığması Budapeştdəki “Puşkaş Arena”da Fransa seçməsi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunu ingiltərəli Maykl Oliver idarə edəcək.

İlk turda Almaniyanı 1:0 hesabı ilə məğlub edən Fransa qələbə qazanacağı təqdirdə səkkizdəbir finala vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə son çempion Portuqaliya millisi Almaniya ilə üz-üzə gələcək. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi ingiltərəli Entoni Teylor olacaq.

İlk oyunda macarları 3:0 hesabı ilə üstələyən Portuqaliya güclü rəqibinə də qalib gəlsə, pley-offda iştirakını rəsmiləşdirəcək.

Günün sonuncu matçında E qrupunda yer alan üçqat Avropa çempionu - İspaniya millisi Polşanı sınağa çəkəcək. Sevilya şəhərindəki “Estadio La Cartuja” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu italiyalı Daniele Orsato idarə edəcək. İspanlar ilk oyunda İsveçlə qolsuz heç-heçə ediblər. Polşa yığması isə Slovakiyaya 1:2 hesabı ilə uduzub.

Xəbər lenti