Xəzər Xəbər

Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub

İdman | 21:42 • 11 Aprel 2021
Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub

Aprelin 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Turun son matçında “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Abdullah Zubir açıb. "Köhlən atlar” fasilədən dərhal sonra - 46-cı dəqiqədə ikinci qolu vurublar. Bu dəfə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov topu öz qapısından keçirib. 59-cu dəqiqədə Əli Qurbani hesab arasındakı fərqi minimuma endirib. Matçın 71-ci dəqiqəsində Zubir dubl edib. Yeddi dəqiqə sonra isə Filip Ozobiç çətin vəziyyətdən qapını dəqiq nişan alıb. Xorvatiyalı yarımmüdafiəçi, eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 46-ya çatdıran "Qarabağ" zirvədə bir qədər də möhkəmlənib. Artıq bu komandanı ikinci sıradakı "Neftçi"dən 3 xal ayırır. "Sumqayıt" isə 29 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, günün ilk matçında "Zirə" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. Ötən gün keçirilən qarşılaşmalarda isə "Neftçi" səfərdə "Qəbələ" ilə 2:2, "Səbail" isə "Sabah"la 0:0 hesablı bərabərliyə razılaşıb.

Xəbər lenti