Xəzər Xəbər

PFL hava şəraiti ilə əlaqədar bir neçə oyunu təxirə salıb

İdman | 12:26 • 24 Fevral 2021
PFL hava şəraiti ilə əlaqədar bir neçə oyunu təxirə salıb

Peşəkar Futbol Liqası (PFL) ölkə ərazisində hökm sürən qarlı hava şəraiti ilə əlaqədar yeni qərar qəbul edib.

Xezerxeber.az PFL-in saytına istinadla xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun XIV turu çərçivəsində bu gün keçirilməli olan “Sabah-2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və “MOİK” – “Kəpəz” oyunları təxirə salınıb.

Görüşlərin vaxtı ilə bağlı PFL-in saytında əlavə məlumat veriləcək.

Əvəzində “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi, saat 14:00-da başlanacaq. Halbuki ötən turda Tovuzda “Sumqayıt-2” ilə görüş güclü qar səbəbindən 51-ci dəqiqədə yarımçıq dayandırılıb. Matçı ertəsi gün də davam etdirmək mümkün olmadığından, oyun “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması ilə birgə qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, XIV tura fevralın 23-də "Zaqatala" - "Qarabağ-2" görüşü ilə start verilib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Xəbər lenti