Xəzər Xəbər

İspaniya Super Kubokunun qalibi məlum olub

İdman | 09:04 • 18 Yanvar 2021
İspaniya Super Kubokunun qalibi məlum olub

Yanvarın 17-də futbol üzrə İspaniya Super Kuboku uğrunda həlledici görüş keçirilib.


Xezerxeber.az xəbər verir ki, ötən mövsüm La Liqa çempionu "Barselona” və ölkə kubokunun sahibi "Atletik Bilbao” üz-üzə gəlib.


"Estadio de-la-Kartuxa” stadionunda baş tutan görüş "Atletik Bilbao” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Oyunda hesabı 40-cı dəqiqədə Antuan Qrizman açıb. Qoldan iki dəqiqə sonra "Atletik Bilbao” hesaba tarazlıq gətirib. Oskar De Markos adını tabloya yazdırıb. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıb.


Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın qol vurmaq şansı olub. Görüşün 57-ci dəqiqəsində "Atletik” yenindən fərqlənib, lakin baş hakimin videonəzarət (VAR) sisteminə baxdıqda qolu saymayıb. Oyunun 77-ci dəqiqəsində "Barselona” yenidən hesabda önə keçib.


Antuan Qrizman Jorji Albanın ötürməsindən sonra dublun rəsimiləşdirib. Matçın bitməsinə bir dəqiqə qalmış Bilbao təmsilçisi hesabı bərabərləşdirməyə nail olub. Asyer Vilyalibre fərqlənərək komandasını final görüşündə qalib gəlmək üçün şanslarını saxlayıb. Əsas vaxt heç-heçə bitdiyindən qalibi müəyyən etmək üçün iki 15 dəqiqədən ibarət əlavə vaxt oynanılıb.


Görüşün 94-cü dəqiqəsində oyunda ilk dəfə "Atletik Bilbao” hesabda önə keçib. İnaki Villiams İker Munianin ötürməsini qola çevirib.


Qarşılaşmada bir daha qol vurulmayıb.


Beləliklə, "Atletik Bilbao” qələbə qazanaraq tarixində üçüncü dəfə İspaniya Super Kubokunun qalibi olub. Oyundan sonra qalibin mükafatlandırılması mərasimi olub. Gümüş medallar "Barselona” komandasının üzvlərinə təqdim edilib. Sonra kürsüyə "Atletik Bilbao” klubunun üzvləri çıxıblar. Qızıl medallar və İspaniya Super Kuboku qalib komandaya təqdim edilib.

Xəbər lenti