Xəzər Xəbər

Bankın adından istifadə edərək dələduzluq edən şəxs tutulub FOTO

Hadisə | 11:45 • 23 Noyabr 2022
Bankın adından istifadə edərək dələduzluq edən şəxs tutulub

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkədə vətəndaşa qarşı dələduzluq edən şəxs tutularaq istintaqa cəlb edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib. 

Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı sosial şəbəkədəki həmin səhifənin qeyri-rəsmi, yəni saxta olduğu, vətəndaşların pullarını ələ keçirmək məqsədilə naməlum şəxs tərəfindən yaradıldığı müəyyən edilib. Keçirilmiş istintaq və əməliyyat-texniki tədbirlər nəticəsində dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 

Qeyd olunub ki, Asif Osmanovun başqa vətəndaşlara qarşı da analoji cinayətlər törətməsi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Qəbələ Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti