Xəzər Xəbər

Narkotikin təsir altında “Range Rover” sürən şəxs saxlanıldı FOTO

Hadisə | 12:55 • 15 Avqust 2022
Narkotikin təsir altında “Range Rover” sürən şəxs saxlanıldı

Kürdəmir rayonunda narkotik vasitənin təsir altında “Range Rover” markalı avtomobili idarə edən şəxs saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat verilib.

Baş DYP İdarəsinin YPX Alayının 7-ci taqımının əməkdaşları 13.08.2022-ci il tarixində xidmət apardıqları stasionar postda “Range Rover” markalı avtomobili sahibinin məhdudlaşdırılmış sürücülük vəsiqəsi ilə avtomobil idarə etməsinə görə saxlayarkən sürücünün davranışları və zahiri görkəmi onun narkotik vasitələrdən istifadə etdiyinə əsaslı şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi duracağa yerləşdirilib, sürücünün isə tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı 1991-ci il təvəllüdlü, Göygöl rayonunda qeydiyyatda olan Elvin Abdullayevin sözügedən nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bununla yanaşı, saxlanılan nəqliyyat vasitəsində sərnişin qismində gedən avtomobilin sahibi, Gəncə şəhər sakini Kənan Qurbanovun, eləcə də onun həmyerliləri Orxan Bağırov və Seymur Cəfərovun hərəkətləri və zahiri görkəmləri şübhə doğurduğu üçün əraziyə çağırılmış Kürdəmir RPŞ-nin əməkdaşları ilə birgə onların üzərlərinə baxış keçirilib. Baxış zamanı Kənan Qurbanovun üzərindən küllü miqdarda psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq araşdırılması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti