Xəzər Xəbər

Bakıda pula görə oğurlanmış biznesmen məhkəmədə HAMINI ŞOKA SALDI

Hadisə | 16:15 • 17 Yanvar 2022
Bakıda pula görə oğurlanmış biznesmen məhkəmədə HAMINI ŞOKA SALDI

2019-cu ilin sentyabr ayında Bakı şəhərində bir qrup şəxs tərəfindən oğurlanaraq Pirşağı qəsəbəsindəki bağ evinə aparılan və orada girov saxlanılan iş adamı Hüseyn Əsgərovun məhkəməyə verdiyi ifadə məlum olub.

XəzərXəbər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesində ifadə vermiş H.Əsgərov əslində oğurlanmadığını, ona qarşı hər hansı təzyiq və fiziki zorakılığın edilmədiyini bildirib:

“İbtidai istintaq zamanı həyəcanlı olduğumdan verdiyim ifadəni təsdiq etmirəm. Aygün Abbasovaya borclu olduğum 25 000 manatı qaytarmağımı tələb etdiklərindən buna görə Vasif, Niyaməddin və Elçinlə oturaraq söhbətləşmişik. Həmin vaxt telefon əlaqəsi saxladığım övladımməni səhv başa düşüb 102 xidmətinə zəng vurmaqla yanlış məlumat verib. Bir saat içərisində yenidən zəng edərək anlaşılmazlıq baş verdiyini, şikayətinin və tələblərinin olmadığını bildirib. Mənə təqsirləndirilən şəxslər tərəfindən heç bir zor və ya təzyiq tətbiq olunmayıb. Onların hamısı ilə barışmışam”.

Məhkəmədə iş adamının ilkin ifadəsi də elan edilib. Orada H.Əsgərov hadisənin necə baş verdiyini, ona qarşı hansı fiziki təzyiqlərin edildiyini və sair məqamları detalları ilə danışıb.

Bir neçə gün əvvəl, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlunun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fərəh Rəsulovaya isə sınaq müddəti təyin edilərək ona şərti cəza verilib.

Adam oğurluğunda sifarişçi olan Aygün Abbasovaya isə 5 il azadlıqdan məhrum edilib. Onun övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar. İttihama görə, Xətai rayon sakini Hüseyn Əsgərov A.Abbasovaya 25 min manat borclu olub. Borcunu qaytara bilmədiyi üçün o, A.Abbasovanın sifarişi ilə kafelərin birinə dəvət edilib. Daha sonra H.Əsgərov əvvəllər məhkum olunmuş V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum olunmuş Ş.Hüseynov və F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirilərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 min manatın əvəzinə 30 min manat ödəməsini bildirərək işgəncə veriblər.

Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib. Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər müəyyən olunaraq saxlanılıb, zərərçəkmiş H.Əsgərov girov saxlanıldığı yerdən azad edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), 144.2.5 (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.3 (zor tətbiq etmə ilə törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddləri ilə ittiham elan edilib.

Xatırladaq ki, F.Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur. Zərərçəkmiş H.Əsgərov da idmançı olub.

V.Allahverdiyevin adı cinayət işində dəstə rəhbəri kimi göstərilir. N.Kazımlı da peşəkar idmançıdır. O, yunan-Roma güləşi üzrə dəfələrlə Azərbaycan çempionatının və beynəlxalq yarışların mükafatçısı olub./publika.az

Xəbər lenti