Xəzər Xəbər

10 yaşlı Nərminin qətli ilə bağlı YENİ XƏBƏR

Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Hadisə | 14:08 • 28 Oktyabr 2021
10 yaşlı Nərminin qətli ilə bağlı YENİ XƏBƏR

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərXəbər Trend-ə istinadən bildirir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilmiş Nərmin Quliyevanın əmisi Arif Quliyev ifadəsini davam etdirib. O bildirib ki, həmin gün günorta saatlarında Nərmin onlarda təxminən 1 dəqiqə dayanıb və gedib. Ondan təxminən 1 saat yarım sonra böyük bacısı Şəbnəm gəlib deyib ki, Nərmin hələ də evə gəlib çıxmayıb. Özü də bacısının burada olub-olmadığını dəqiqləşdirmək üçün gəlib. Nərminin əmisigildə olmadığını bilib və evlərinə geri qayıdıb.

Arif Quliyev vəkillərin suallarına cavab verərkən təsdiqləyib ki, İlkin yanvarın 6-da saxlanıb: "İlkini həmin gün polis şöbəsinə aparmışdılar. Saxlandığını həmin gündən bilirdik. Yanvarın 6-da axşam saat qardaşım qızının meyitinin kənddə yandırılmış vəziyyətdə tapıldığını eşidib, hadisə yerinə getdim. Mən gedəndə çoxlu polislər vardı. Meyitə lap yaxından baxmadım, aramızda təxminən 5 metr məsafə olardı. Elçin adlı prokuror dedi ki, sizin uşaqdır. Camaat danışırdı ki, meyiti İlkin söndürüb. Onların evinin yanında idi. Gedib atasına xəbər verdim, təxminən 11-ə işləmiş olardı, o da gəldi".

Dindirmə zamanı məlum olub ki, uşağın atası və anası meyitə yaxından baxmayıb.

Arif Quliyev istintaqa ifadəsində deyib ki, İlkin Süleymanovun əmisi oğlu, keçmiş polis əməkdaşı Murad Süleymanov axtarışlar vaxtı onlara məxsus evlərə baxış keçirməkdən yayındırmağa çalışırdı.

Məhkəmədə isə A. Quliyev bu məsələ ilə bağlı fərqli danışıb: "O evlərə baxış keçirməyə qadağa qoyulmamışdı. İstəsəydik, gedib baxa bilərdik. Sadəcə, Murad özü polis olduğuna görə baxmamışıq".

Məhkəmə araşdırmaları noyabrın 3-də davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti