Xəzər Xəbər

Polis arxa qapıdan restorana girmək istəyənləri buraxmadı, toy ləğv elədi

Hadisə | 16:07 • 24 İyul 2021
Polis arxa qapıdan restorana girmək istəyənləri buraxmadı, toy ləğv elədi

Sumqayıtda şadlıq sarayında vaksinasiyadan keçməyən qonaqların toy məclisində iştirak etmək istəməsi, mümkün olmadıqda məclisə arxa qapıdan daxil olmaq istəmələri toyun baş tutmamasına səbəb olub.

XəzərXəbər məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

DİN Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğuya cavab olaraq bildirib ki, iyulun 22-də Sumqayıt ŞPİ-nin əməkdaşları Sumqayıt şəhərində fəaliyyət göstərən şadlıq saraylarında toy şənliklərinin keçirilməsi ilə bağlı müvafiq qaydalara əməl edib-etməmələrinə nəzarət etmək məqsədilə keçirilən reydlər zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində fəaliyyət göstərən “Şahanə” şadlıq sarayında toy məclisinə gələn qonaqların COVID-19 virusuna qarşı vaksin olub-olmamalarını yoxlayıblar:

“Toy mərasiminə dəvət olunmuş 150 qonaqdan cüzi bir hissəsinin vaksinin vurulması ilə bağlı sənədi olduğu üçün şadlıq sarayına buraxılıb, qalan şəxslərə isə vaksinin ilk mərhələsini vurdurub ilkin sənədlə mərasimə buraxılacaqları barədə xəbərdarlıq olunaraq mərasimə buraxılmayıblar.

Lakin qonaqlardan bəziləri mərasimdə iştirak etmək üçün sadlıq sarayının işçilərinin köməyi ilə oranın arxa qapısından keçib zala daxil olublar. Şadlıq sarayının ətrafında xidmət aparan polis əməkdaşları həmin şəxsləri müəyyən edərək, zaldan çıxarıb və bu səbəbdən toy şənliyi baş tutmayıb.

Yaranmış vəziyyət toy sahibi Muradov Əlirza Şahbaz oğlunun haqlı narazılığına səbəb olub və onunla şadlıq evinin icarədarı Qiyasov Azər Şiraslan oğlu ilə aralarında mübahisə yaranıb.

Araşdırma zamanı müəyyən edilib ki, “Şahanə” şadlıq sarayının rəhbəri olan Orucov Şiraslan Əliş oğlu toy şənliyi keçirmək istəyən Əlirza Muradovu aldadaraq, şadlıq sarayında toy şənliyinin baş tutması ilə bağlı vaksinasiyadan keçməyən şəxslərin də toy şənliyində iştirak edə biləcəklərinə yalan vəd verib, sonuncuya toy şənliyinin qeydə alınması ilə bağlı vaksinasiyadan keçən hər hansı bir şəxsi tapmağı tapşırıb.

Ə.Muradov da qaynı İsmayılov Əyyub İsi oğluna müraciət edərək toy şənliyin baş tutması üçün sonuncunun adından qeydiyyat işləri aparılıb və toyun baş tutacağı adı ilə Ş.Orucovla 5500 manat pul müqabilində razılaşıb.

Lakin iyulun 22-də saat 17:30 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tədbirlər planına uyğun keçirilən reyd zamanı “Şahanə” şadlıq sarayında yoxlama aparılarkən vaksinasiya ilə bağlı qeydiyyatdan keçməyən şəxslər toy şənliyinə buraxılmadıqları üçün toy şənliyi baş tutmayıb, bununla da toy şənliyinə gələn qonaqların iştirak etməməsi səbəbindən Ə.Muradova xeyli miqdarda ziyan dəyib”.

Bildirilib ki, hazırda faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 və 139-1.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər lenti