Xəzər Xəbər

Bakıda qumbara və patronlar aşkarlanıb - FOTO

Hadisə | 18:36 • 30 Avqust 2020
Bakıda qumbara və patronlar aşkarlanıb -

Avqustun 30-da saat 08:29-da Daxili İşlər Nazirliyinin 102 - zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Xəzər rayonunda, Yeni Qala qəsəbəsi ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.


ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat və kinoloji qrupları, Xəzər Rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri və polis əməkdaşları tərəfindən ərazidə fərdi torpaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi təcrid olunub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd əl qumbarası (partladıcısız), 5 ədəd UZRQM partladıcısı və müxtəlif çaplı 59 patron aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Hərbi təyinatlı əşyaların tapıldığı yerin ətrafında min kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Yanvarın 1-dən avqustun 30-dək ANAMA tərəfindən 270 siqnal (əməliyyat çağırışı) əsasında 242 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Bu əməliyyatlar nəticəsində 524 ədəd partlamamış hərbi sursat (PHS), piyada əleyhinə 11, tank əleyhinə 25 mina və müxtəlif çaplı 18 min 745 patron zərərsizləşdirilib. İlin əvvəlindən indiyədək 102 min 171 kvadratmetr ərazi yoxlanılıb.

Xəbər lenti

Çox oxunanlar