“Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq”.
Xezerxeber.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian mayın 15-də ölkəsinin Kermanşah əyalətində investorlarla görüşdə bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında verdiyi bəyanata istinad edərək deyib: "Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Ancaq biz bunu etməyəcəyik. Biz müharibə yox, sülh axtarırıq. Biz ölkə daxilində və qonşularımızla - Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə sülh və sabitliyin ardıncayıq və qardaşlıq və bərabərlik üçün çalışırıq”, - Pezeşkian qeyd edib.
O vurğulayıb ki, əgər region dövlətləri birlikdə ticarət əlaqələri qura bilsələr, müsəlman ölkələri arasında böyük ticarət bazarı, eləcə də sülh və təhlükəsizlik yarada bilərlər.
İran Prezidentinin sözlərinə görə, bu bölgə başqalarına deyil, region ölkələrinə məxsusdur.