Xəzər Xəbər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb

Gündəm | 15:30 • 29 Noyabr 2024
Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb

Noyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyrini qəbul edib.

Bu barədə Xezerxeber.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Küveyt Dövlətinin səfiri Məhəmməd Feysəl Əl-Muteyri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Cari ildə Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s. istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb. Ölkəmizin liderliyi ilə uğurlu konfransın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində səylərə mühüm töhfə olduğu vurğulanıb.

Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar