Azərbaycan Respublikasındakı parlament seçkiləri milli qanunvericiliyə uyğun olaraq təşkil edilib və keçirilib, eyni zamanda, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış qayda və prosedurlara uyğun olaraq aparılıb.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri GUAM-ın Baş katibi Altay Əfəndiyev növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, seçki günündə Yasamal, Səbail və Nərimanov rayonlarında müxtəlif məntəqələrdə olublar: “Qrup olaraq hesab edirik ki, insanların sərbəst şəkildə öz fikirlərini və istəklərini ifadə etmələri üçün müvafiq şərait yaradılmışdı. Seçicilərin iştirakı kifayət qədər normal, bəzi məntəqələrdə daha yüksək idi. Həmçinin məntəqələrdə səsvermənin və komissiyanın fəaliyyəti üçün şərait yaradılmışdı. Müşahidələrimiz əsasında onu deyə bilərik ki, hansısa əhəmiyyətli dərəcədə nəzərəçarpan uyğunsuzluq qeydə alınmadı. Çox kiçik, əhəmiyyətli olmayan şərhlər seçki məntəqələrində komissiya üzvlərinə çatdırılıb, ancaq hesab edirəm ki, bunun seçki prosesinə heç bir təsiri yoxdur”.
Baş katib bildirib ki, seçicilərə namizədlərlə bağlı kifayət qədər məlumat verilib, həmçinin namizədlər bülletenlərdə bərabər şəkildə təmsil olunublar.
A.Əfəndiyev əlavə edib ki, səsvermə prosesi kifayət qədər rəqabətəsaslı aparılıb, ümumilikdə seçki azad və ədalətli hesab oluna bilər.