Xəzər Xəbər

İcra Hakimiyyəti başçısının nümayəndəsi 42 min manat RÜŞVƏT alıb İTTİHAM

Gündəm | 10:32 • 9 İyun 2023
İcra Hakimiyyəti başçısının nümayəndəsi 42 min manat RÜŞVƏT alıb

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun vətəndaşlardan külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Xezerxeber.az Baş Prokurorluğa istinadən məlumat verir ki, ibtidai istintaqla Əli Həsənovun 2022-2023-cü illər ərzində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, buna şərait yaradılması, həmçinin sözügedən torpaq sahələrinə müxtəlif sənədlərin verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 42 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Əli Həsənova Cinayət Məcəlləsinin 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti